İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılış sessiyası keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Sessiya müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.
Bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Mərkəzin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi olacaq.
Nazir ölkəmizdə aparılan sosial islahatların nailiyyətlərini, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının uğurlarını, elektron və proaktiv xidmətlərin, innovativ həllərin geniş tətbiqi işlərini qeyd edib. Beynəlxalq səviyyədə də yüksək qiymət alan bu təcrübələrin üzv ölkələrlə bölüşülməsinin, eləcə də həmin ölkələrdə olan uğurlu təcrübələrin öyrənilməsinin prioritet önəm kəsb etdiyini, yeni yaradılan Əmək Mərkəzinin bir istiqamətinin də ən yaxşı təcrübələrin mübadiləsinə çalışmaq, üzv ölkələrə dəstək vermək olacağını bildirib.
İƏT-in Baş katibi Hissein Brahim Taha çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılan yeni Əmək Mərkəzinin İƏT-in Baş katibliyi və digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıqda fəaliyyət göstərəcəyini deyib. O, İƏT-in bu yeni təsisatının yaradılmasının əlamətdar hadisə olduğunu, Təşkilatın üzv ölkələr arasında əlaqələrin genişlənməsinə xidmət edən fəaliyyətində yeni mərhələni ifadə etdiyini bildirib və İƏT ailəsini yeni Mərkəzin yaradılması münasibətilə təbrik edib.
Sonra əmək nazirləri konfransının nazirlər sessiyasına hazırlıq iclasında müəyyən olunmuş namizədlər səsə qoyulub və İƏT Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycan Respublikasına həvalə olunub, müavini isə Səudiyyə Ərəbistanı Krallığı seçilib.
İclasın davamında toplantının gündəliyi və işçi proqramının, İƏT Əmək Mərkəzi Katibliyinin aralıq təşkilati strukturunun, Baş Assambleyanın Qətnamə layihələrinin qəbul olunması, İƏT Regional Qrupları adından çıxışlar edilməsi, hazırlıq iclasının hesabatının təqdimatı, İƏT Əmək Mərkəzinin İdarəetmə Şurasının sədri və tərkibinin, Mərkəzin Katibliyinin Baş direktorunun seçilməsi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin çıxışları nəzərdə tutulub.