Qoşulmama Hərəkatının konfransında Bakı Bəyannaməsi qəbul edilib

Qoşulmama Hərəkatının konfransında Bakı Bəyannaməsi qəbul edilib backend

Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikasının, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul olunub.

Apa xəbər verir ki, Qoşulmama Hərəkatının konfransda təmsil olunan üzv dövlətləri Bəyannamədə Hərəkatın perspektiv gündəliyi kimi insan hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsinə sadiqliklərini vurğulayıb, qadınların inkişafı və onların insan hüquqlarının təmin olunması sahəsində problemlərin həlli üçün siyasi iradələrini bir daha ifadə ediblər.

 

İştirakçılar cəmiyyətin bütün sahələrində qadınların təmsil olunmalarını, tam, bərabər və mənalı iştirakını təmin etmək öhdəliyiklərini bir daha təsdiqləyib, Qoşulmama Hərəkatının üzv dövlətlərinin siyasi sistemlərində qadınların bərabər iştirakının təşviqinin xüsusi əhəmiyyətini bildiriblər.

Eyni zamanda, Qoşulmama Hərəkatının üzv dövlətlərindəki ən son nümunələr də daxil olmaqla, ən yüksək siyasi səviyyələrdə və seçilmiş assambleyalarda qadınların artan təmsilçiliyi yüksək qiymətləndirilib.

Üzv dövlətlər kişilərin və oğlan uşaqlarının prosesə cəlb olunmasının vacibliyini dərk edərək, səyləri birləşdirməyə və qadınlara qarşı zorakılığın bütün formaları tam aradan qaldırılanadək mübarizəni davam etdirməyə qəti öhdəliklərini təkrarlayıblar.

Sənəddə qadınların mühüm rolunu və onların davamlı inkişafın bütün sahələrində tam, bərabər və mənalı iştirakının zəruriliyi bir daha təsdiqlənib, habelə bu istiqamətdə onlara liderlik üçün bərabər imkanların yaradılmasının əhəmiyyəti qeyd edilib.

Həmçinin birtərəfli məcburetmə tədbirlərinin qadınlara və qızlara, o cümlədən onların rifahının və insan hüquqlarının tam təmin olunmasına yönəlmiş milli siyasət və proqramlara zərərli təsiri tanınıb, bu kontekstdə onların dərhal və qeyd-şərtsiz tam ləğvini pisləmək və tələb etmək əzminə sadiqlik bir daha ifadə olunub.

BMT sisteminin təşkilatlarının öz mandatları çərçivəsində qadınların inkişafı və səlahiyyətlərinin artırılması, onların insan hüquqlarından istifadə edilməsinin təşviqində bütün dövlətlərin səylərini dəstəkləmək üçün mərkəzi və əlaqələndirici rolu tanınıb.

İştirakçılar, habelə gender bərabərliyinə nail olunması, bütün qadınların və qızların səlahiyyətlərinin artırılması üzrə məqsədin, eləcə də gender perspektivinin 2030-cu il İnkişaf Gündəliyinə daxil edilməsini və inteqrasiyasını alqışlayıblar.

Eyni zamanda, qadınlar üzrə IV Ümumdünya Konfransı tərəfindən qəbul edilmiş Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının tam həyata keçirilməsi istiqamətində əldə olunmuş irəliləyiş alqışlanıb, BMT Baş Assambleyasının 23-cü xüsusi sessiyasının “Qadınlar 2000: İyirmi birinci əsr üçün gender bərabərliyi, inkişaf və sülh” yekun sənədlərinə dəstək bir daha təsdiqlənib.

Qoşulmama Hərəkatının üzv dövlətləri arasında, o cümlədən yüksək səviyyəli qarşılıqlı fəaliyyət yolu ilə qadınların inkişafı və səlahiyyətlərinin artırılması, onların insan hüquqlarının həyata keçirilməsində mövcud problemlərə dair fikir, baxış və perspektivlərin mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayan iştirakçılar bununla bağlı razılaşdırılmış və məqsədyönlü tədbirlər gördüklərini bildiriblər.

Onlar Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifini nəzərə aldıqlarını, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsü, o cümlədən onunla bağlı iş üsullarını müzakirə etdiklərini diqqətə çatdırıblar.

Sonda qonaqpərvərliyə və noyabrın 20-21-də Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması mövzusunda beynəlxalq konfransa ev sahibliyi etdiyinə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlıq ifadə edilib.

Beləliklə Bəyannamədə də qeyd edildiyi kimi, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının çətiri altında daha bir qurum –Qadınlar Platformasının yaradılması qərara alınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsindən sonra Qadınlar Platformasının təsis olunması Azərbaycanın Hərəkatın fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.

Diaspora