İrəvan sırf siyasi səbəblərdən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O, qeyd edib ki, Qərb Ukrayna siyasətində iflasa uğradıqdan sonra Ermənistandan “möhkəm yapışıb”.
“Ukrayna istiqamətində planları tamamilə iflasa uğrayan Qərb eynilə vəhşicəsinə Ermənistanı qamarlayaraq, onu Rusiyadan qoparmağa çalışır”, - XİN rəsmisi bəyan edib.
Zaxarova vurğulayıb ki, Qərbin məsləhətləri Ermənistana Cənubi Qafqazda kommunikasiyaların açılması işini başa çatdırmağa mane olur.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən başladılan kommunikasiyaların açılması prosesi hələ də başa çatmayıb.
“İyunun 2-də üçtərəfli işçi qrupunun 12-ci iclasında danışıqlarda mühüm irəliləyiş qeydə alınıb, xüsusilə Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası və təşkili ilə bağlı ümumi anlaşma əldə edilib”, - deyə o bildirib.
“Amma yenə də nə isə Ermənistan rəhbərliyinə kağız üzərindəkiləri yekunlaşdırmağa mane olur. Biz buna nəyin mane olduğunu çox yaxşı bilirik - bu, Ermənistandakı hazırkı rəhbərliyin qərbli dostlarının “yaxşı” məsləhətləridir”, - Zaxarova əlavə edib.