Ceyhun Bayramov Salim bin Məhəmməd əl-Məliklə görüşüb - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov Salim bin Məhəmməd əl-Məliklə görüşüb -  YENİLƏNİB - FOTO backend

Xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüş keçirib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu və ölkəmizin müsəlman ölkələri ilə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

Bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı təşkilatın gündəliyinə daxil olan bir sıra istiqamətlərdə birgə proqram və layihələrin icrası planları nəzərdən keçirilib.

Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov Bakı Prosesi çərçivəsində əməkdaşlığın vacibliyinə toxunaraq ICESCO-nun Mədəniyyətlərarası Dialoq forumlarının təşkilində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb və növbəti ildə də Forumun təşkilində ICESCO ilə səmərəli əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Regionda baş verən son proseslərə toxunan Nazir, Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş və cari ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində tam nəzarətimizə qaytarılan ərazilərimizdə Ermənistan tərəfindən mədəni və dini irsimizə böyük ziyan dəydiyini söyləyib.

ICESCO-nun baş direktoru Salim əl-Malik cari ilin 2-5 oktyabr tarixlərində ölkəmizə təşkil olunan səfərini və səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluq hissi ilə qeyd edib. ICESCO-nun ölkəmizlə əməkdaşlığa yüksək dəyər verdiyini vurğulayıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Salim əl-Malik nazir Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.

Nazir Ceyhun Bayramov təşkilatın qonaq kitabına ürək sözlərini yazıb.

22:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO-nun baş direktoru Salim Əl Məliklə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyini, mədəniyyətlərarası tolerantlığın və dialoqun təşviqi üzrə birgə layihələri müzakirə ediblər.

Diaspora