Zelenski Azərbaycana təşəkkür etdi

Zelenski Azərbaycana təşəkkür etdi backend

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın enerji sisteminə göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Zelenski bu barədə axşam videomüraciəti zamanı bildirib.

“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - deyə Zelenski videomüraciətində bildirib.

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukraynaya çatıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 14 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilib.

Xatırladaq ki, Ukraynaya bundan əvvəl də Azərbaycan tərəfindən elektrik avadanlıqları ilə bağlı humanitar yardım göndərilib. Yaranmış böhranla əlaqədar Azərbaycan Respublikasının Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.

Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə humanitar yardım fəaliyyətləri çərçivəsində ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

 

 

Diaspora