“Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Praqada yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Çexiyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Bərdə terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş filmin təqdimatı və şanlı Zəfərimizi əks etdirən “Xalqa verilən söz həqiqətə çevrildi” mövzusunda videoçarxın nümayişi ilə davam edib.
Görüş iştirakçılarını salamlayan Komitə sədri soydaşlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edib. Azərbaycanın Dövlət Bayrağının Xankəndi, Xocalı, Əsgəran və Ağdərədə ucaldılması kimi möhtəşəm tarixi hadisəyə görə dünya azərbaycanlıları adından dövlət başçımıza və qəhrəman hərbçilərimizə minnətdarlığını ifadə edib.
Komitənin fəaliyyəti barədə geniş hesabatla çıxışını davam etdirən sədr indiyədək həyata keçirilən çoxşaxəli fəaliyyət istiqamətləri, gerçəkləşdirilən sistemli layihələr, Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri kimi məsələləri nəzərə çatdırıb. Azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb. Çexiyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında fəal iştiraklarına görə Eldar Vəliyevə, Leyla Begim Cəfərovaya və Fərid Əmirəliyevə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə dünyanın müxtəlif ölkələrində, o cümlədən Çexiyada silsilə tədbirlərin keçirildiyini bildirib. Azərbaycan icmasının da bu tədbirlərdə iştirak etdiyini vurğulayan səfir Çexiyadakı diasporumuzun fəaliyyətini yüksək qiymətləndirib, soydaşlarımızı mədəniyyət və incəsənətimizin təbliği istiqamətində fəal olmağa, məqsədyönlü addımlar atmağa dəvət edib.
Azərbaycanlı diplomat Avropa məkanında bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasından da danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun dünyanı bir münaqişədən qurtardığına, dünyanın gözü qarşısında ermənilərin məhv etdiyi ərazilərimizi Azərbaycan dövlətinin son 3 il ərzində çox sürətlə və müasir şəkildə tamamilə yenidən qurduğuna diqqəti cəlb edib.
Tədbirdə diaspor nümayəndələri - “Buta” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Rəna Abubəkirova, “Natəvan” Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyi, Britaniya Şairlər Cəmiyyəti və Avropa Ədəbiyyatşünaslar Konqresinin üzvü Leyla Begim Cəfərova, “Elson Grand” təşkilatının üzvü Fərid Əmirəliyev çıxış ediblər.
Sonra Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Çexiya üzrə koordinatorlarının seçkisi keçirilib. Leyla Begim Cəfərova və Fərid Əmirəliyev koordinator seçiliblər.
İcma tərəfindən Praqada Azərbaycan Evinin açılması təklifi irəli sürülüb və bu təklif yekdilliklə dəstəklənib.
Komitənin adından Çexiyada diaspor fəaliyyətində aktiv olan icma üzvlərinə təşəkkürnamələr təqdim edilib.
Görüşün bədii hissəsində 2020-ci ildə Çexiyada “İlin adamı” seçilmiş skripkaçı, nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəflinin ifasında “Azərbaycan”, “Ana” və “Xalq Heydər söyləyəcək” mahnıları səsləndirilib.
Qeyd edək ki, hazırda dünyanın 14 ölkəsində 20 Azərbaycan evi və 36 ölkəni əhatə edən 15 Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.