Tiflisdə Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazirlər öncə təkbətək, sonra isə geniş formatda görüşüblər.
Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycanın ölkəsi üçün dost, yaxşı qonşu və strateji tərəfdaş dövlər olduğunu bildirib: "Azərbaycan Gürcüstanla siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə fəal əməkdaşlıq edir, mühüm investisiyalar yatırır. Ən böyük layihələrin ölkəmizdən keçməsi vacib amillərdən biridir”.Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə gürcüstanlı həmkarına səmimi görüş üçün təşəkkür edib, iki ölkənin münasibətlərindən danışıb.
Sonra görüş jurnalistlər üçün qapalı davam edib.
Görüşdən sonra Gürcüstan və Azərbaycan xarici siyasət idarələrinin rəhbərləri jurnalistlər üçün mətbuat konfransı keçiriblər.
Konfransda çıxış edən T. Beruçaşvili iki ölkə arasındakı əməkdaşlığın çoxşaxəli olduğunu bildirib. O qeyd edib ki, Gürcüstan üçün ticarət və iqtisadi əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir: "Bizim üçün ən mühüm əməkdaşlıq enerji sahəsi ilə bağlıdır. Gürcüstanın energetika naziri Kaxa Kaladze bu yaxınlarda Azərbaycanda keçirilən beynəlxalq toplantıda bir daha Azərbaycanla əməkdaşlığımızın siyasi əhəmiyyətini təsdiq edib. Biz “Cənub qaz dəhlizi”nə əhəmiyyətli və səmərəli layihə kimi baxırıq".
T. Beruçaşvili ölkəsinin təhlükəsizlik məsələlərinə də xüsusi önəm verdiyini bildirib: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyirik. Öz növbəsində Azərbaycan da bizim ərazi bütövlüyümüzü dəstəkləyir”.
T. Beruçaşvili GUAM-ın Gürcüstan üçün aktual bir təşkilat olduğunu bildirib: "Bizi bu təşkilatda eyni maraqlar birləşdirir". Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığını da müsbət qiymətləndirib və bu formatda ölkələrimizin uğurlu mexanizm yaratdığını bildirib.
E. Məmmədyarov isə jurnalistlər qarşısında çıxış edərkən həmkarı ilə bütün məsələləri hərtərəfli müzakirə etdiyini bildirib: "Biz açıq və səmimi şəkildə Azərbaycan-Gürcüstan əməkdaşlığını müzakirə etdik. Gürcüstanla Azərbaycan lider ölkələrdir. Bizim ölkələr müxtəlif layihələr həyata keçirir".
E. Məmmədyarov həmkarı ilə Gürcüstan yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin problemlərini də müzakirə etdiyini bildirib: "Biz həm azərbaycanlı və gürcü ailələrinə dəstək verəcəyimizi müzakirə etdik. Onlar özlərini rahat hiss edə bilərlər".
Qeyd edək ki, bu gün E. Məmmədyarovun Gürcüstan prezidenti və baş naziri ilə görüşü gözlənilir.