Macarıstanın Milli Günü - 1956-cı il İnqilabının 67-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Qaziler.az bildirir ki, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ölkəsinin Milli Günü və ötən dövrdə keçdiyi inkişaf yolu haqqında məlumat verərək, Macarıstanla Azərbaycanın əlaqələrinin daim genişlənməkdə olduğunu vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Milli Günü münasibətilə macar xalqını Azərbaycan Respublikası Hökuməti adından təbrik edib.
Nazir iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, bu münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb.
S.Babayev bildirib ki, bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dost ölkəyə rəsmi səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verib. Səfər çərçivəsində imzalanmış sənədlər arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək olar.
Ötən illərdə ölkələrimiz arasında imzalanmış 50-dən çox sənəd əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edib. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlamasını yüksək dəyərləndiririk.
İki ölkənin Hökumətlərarası Komissiyasının fəaliyyətinin əməkdaşlığın dərinləşməsində mühüm rolunu qeyd edən nazir bu günə qədər Komissiyanın 9 iclasının keçirildiyini, 10-cu iclasının isə gələn ilin aprel ayında Bakıda keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
O, 2023-cü ilin 8 ayında Azərbaycan və Macarıstanın ticarət dövriyyəsinin 16 faiz artdığını, Macarıstan şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. S.Babayev ölkələrimiz arasında birbaşa hava əlaqəsinin biznes və turizm sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini deyib. Həmçinin “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hazırda Macarıstanda 700-dən çox Azərbaycan gəncinin təhsil aldığını bildirib.
Nazir birgə səylərimizlə Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini vurğulayıb.