Misir prezidenti Əbdülfəttah Əs-Sisi Qahirəyə səfər edən İngiltərənin Baş naziri Rişi Sunak ilə görüşüb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Misirin rəsmi agentliyi MENA yayıb.
“Biz hamımız regionda idarəolunmaz hadisələrə nəzarət etmək üçün hərəkətə keçməliyik”, - deyən Sisi Qəzzada baş verən hadisələrin əks-sədasının özünümüdafiə hüququndan kənara çıxdığını bildirib.
“Qəzza zolağında 1500-ü uşaq olmaqla 4 minə yaxın dinc sakin həlak olub. Biz hamımız bu məsələyə nəzarət etmək üçün hərəkətə keçməliyik ki, münaqişə daha çox mülki əhalinin ölümünə səbəb olmasın”, - Sisi qeyd edib.
O, vurğulayıb ki, fələstinlilərin Qəzzadan Sinaya köçürülməsi son dərəcə təhlükəlidir: “Siz mülki şəxslərin Qəzzadan Sinaya köçməsinə icazə verməməyin vacibliyini başa düşürsünüz?! Bu, son dərəcə təhlükəli məsələdir və Fələstin məsələsini tamamilə bitirə bilər. Bu da gerçəkləşməsini istəmədiyimiz bir şeydir”.
QAZİLER.AZ