Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaşın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, nümayəndə heyəti 1 saylı DOST Mərkəzi, burada göstərilən xidmətlərlə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqlara DOST konsepsiyasının üstünlükləri barədə məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. DOST Agentliyinin 14 beynəlxalq mükafat və sertifikatla təltif edildiyi, bir sıra ölkələrin DOST təcrübəsini öyrənərək tətbiq etməyə başladıqları bildirilib.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında 2024-2025-ci illər üzrə Fəaliyyət Planının imzalanması mərasimi olub.
Tədbirdə S.Babayev Azərbaycan və Türkiyə arasında münasibətlərin dostluq və qardaşlığa, xalqların birliyi amilinə əsaslandığını vurğulayıb, iki ölkə arasında bütün sahələrdə əlaqələrin davamlı inkişafında Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə səylərinin mühüm rolunu diqqətə çatdırıb.
Ölkəmizdə son illər sosial sahədə, o cümlədən sosial xidmətlər və övladlığa götürmə sahəsində aparılan islahatlar barədə məlumat verilib. Əmək, məşğulluq, sosial müdafiə, sosial xidmətlər sahələrində də Türkiyə ilə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün mühüm işlərin aparıldığı vurğulanıb.
Ötən ilin iyul ayında iki Nazirlik arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı, Memorandumun tətbiqinə dair imzalanacaq Fəaliyyət Planının da sosial sahədə əməkdaşlığın inkişafına töhfə verəcəyi qeyd olunub.
Xanım M.Ö.Göktaş ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi sosial sahədə də əməkdaşlıq əlaqərinin daim genişlənməkdə olduğunu və yeni Fəaliyyət Planının qarşıdakı dövrdə uğurlu, səmərəli əməkdaşlığın həyata keçirilməsinə xidmət etdiyini bildirib.
Sonra S.Babayev və xanım M.Ö.Göktaş Fəaliyyət Planını imzalayıblar. Sənəddə uşaqların sosial müdafiəsi və onlara göstərilən qayğı xidmətləri, həssas qrupların əmək bazarına inteqrasiyası, qadınların məşğulluğu, himayədar ailə, aktiv yaşlanma və s. sahələrdə əməkdaşlıq istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər əksini tapır.
İki Nazirliyin nümayəndə heyətlərinin görüşündə həssas əhali quruplarından olan şəxslərə sosial xidmətlərin təşkili, onların müxtəlif yaradıcılıq istiqamətləri üzrə potensialının üzə çıxarılması və dəstəklənməsi, əlilliyi olan şəxslərin sosial reabilitasiyası və s. istiqamətlərdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.