Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 12 oktyabr tarixli 2517 (2023) saylı qətnaməsini və 2260 (2023) saylı tövsiyəsi Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA-nın son qətnamə və tövsiyəsinə dair şərhində yer alıb.
Bildirilib ki, terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, habelə BMT-nin regiona həyata keçirilən iki missiyası və Ermənistandakı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən müsbət qiymətləndirildiyi və Azərbaycanın hər hansı zorakılıq tətbiq etmədiyi təsdiqləndiyi kimi, Azərbaycanın humanitar hüquqa hörmətinə və erməni əsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ölkəmiz tərəfindən həyata keçirilmiş lazımi tədbirlərə məhəl qoyulmaması, AŞPA çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.