Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər siyasi mexanizmlərin cəlb olunmasına ehtiyac var

Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər siyasi mexanizmlərin cəlb olunmasına ehtiyac var backend

Xarici işlər nazirinin müavini Xələf Xələfov Alman-Azərbaycan Forumunun (AAF) idarə heyətinin sədri Hans-Eberhard Şlayer və Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horsetskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniya Bundestaqının üzvlərindən və nüfuzlu şirkətlərin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcəyini qeyd edən X.Xələfov münasibətlərin bütün sahələri üzrə müzakirələrin qarşılıqlı etimad çərçivəsində dialoq mövzusu ola biləcəyini bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT və onun Minsk qrupunun fəaliyyətinin qaneedici olmadığını bildirən nazir müavini digər siyasi mexanizmlərin cəlb olunmasına ehtiyac olduğunu, bu çərçivədə Avropa institutları və Almaniyanın potensialından da istifadə edilməsinin mümkünlüyünü qeyd etdi. BMT TŞ də daxil olmaqla beynəlxalq təşkilatların münaqişələrin həlli ilə bağlı təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirdi. Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşma olduğunu, Ermənistan tərəfindən BMT TŞ-nin 4 qətnaməsinin 20 ildən artıqdır yerinə yetirilməməsinə qarşı heç bir effektiv tədbir görülmədiyini vurğuladı.

Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri H.Şlayer fəaliyyət istiqamətlərinin Almaniya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına töhfə vermək və Almaniya cəmiyyətində Azərbaycanı daha çox tanıtmaq olduğunu bildirdi. Son 20 ildə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bazar iqtisadiyyatı, dini tolerantlıq və s. sahələrdə əldə olunan böyük inkişafa diqqəti cəlb edən qonaq bu inkişafın, xüsusilə Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan, müstəqilliyin ilk illərində yaşadığı bir milyonluq qaçqın və məcburi köçkün problemləri nəzərə alındıqda daha dəyərli olduğunu bildirdi.

AAF tərəfindən keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbirlərə Bundestaq üzvlərinin getdikcə daha çox maraq göstərdiyini qeyd edən H.Şlayer, eyni zamanda Almaniya mətbuatında Azərbaycanla bağlı dərc olunan məlumatlarda bəzən ikili standartlara rast gəlindiyini təəssüflə qeyd etdi. Gələn il Almaniyanın ATƏT-ə sədrlik edəcəyini xatırladan H.Şlaye, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması üçün yeni təşəbbüslərin irəli sürülməsinin mümkünlüyünü qeyd etdi.

Şimali Reyn Vestfalen əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini G.Horsetski Almaniya federal torpaqlarının xarici dövlətlərlə birbaşa münasibətlər qurduğunu bildirərək, Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıqda, həmçinin bu əyalətdə həyata keçirilən layihələrə Azərbaycan sərmayəsinin də cəlb olunmasında maraqlı olduqlarını bildirdi.

X.Xələfov Almaniyanın regionları ilə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, xüsusilə qeyri-enerji sektoru üzrə Almaniya ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirdi.
Diaspora