Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizləmə"yə məruz qaldığı barədə 28 sentyabr 2023-cü il tarixli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
“Bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.
Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şəkildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə və təcili ehtiyaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsinin olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.
Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır”, - açıqlamada deyilir.