Fevralın 17-də Texasın paytaxtı Ostin şəhərində Xocalı qətliamının ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Texas ştatı Senatı və Nümayəndələr palatasının üzvləri, həmçinin Amerikada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Texas Nümayəndələr palatasının üzvü Rafael Ançiya Azərbaycanın ABŞ-ın önəmli müttəfiqi olduğunu, ABŞ və NATO-ya Balkan, İraq və Əfqanıstanda əhəmiyyətli dəstəyini, həmçinin Azərbaycanın regionun enerji təhlükəsizliyinə mühüm töhfəsini vurğulayıb. O, Xocalı qətliamından danışaraq Azərbaycan torpaqların indiyədək işğal altında olduğunu bildirib. Bundan sonra söz alan Texas Nümayəndələr Palatasının üzvü və Komitə sədri Cozef Desitel (Joseph D. Deshotel) Azərbaycana səfər etdiyini qeyd edib. Ölkəmizdən olduqca xoş təəssüratlarla döndüyünü deyən Texaslı millət vəkili ABŞ-ın dostu olan Azərbaycana həmkarlarını səfər etməyə çağırıb. Yerli demokratların ən fəal nümayəndələrindən olan Roberto Alonso (Roberto Alonzo) bəyan edib ki, Xocalı qətliamı kimi faciələr hər zaman xatırlanmalıdır və məhz buna görə də biz bu dəhşətli faciənin qurbanlarının xatirəsini anmaq üçün yığışanlara qatılırıq.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov tədbirdə çıxış edərək Xocalı qətliamının hər bir Azərbaycanlının qəlbində sızlayan yara və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və qara səhifəsi olduğunu bildirib. O, Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin yüzlərlə günahsız sakininin qəddarcasına məhv edildiyini, burada qadın, uşaq və qocaların fərq qoyulmadan qətlə yetirildiyini qeyd edib. Azərbaycanlı diplomat bu tədbirin vacibliyindən danışaraq Texas ştatının Xocalı qətliamını rəsmi tanıyan ştatlar sırasında olmasına görə təşəkkürünü bildirib. O, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həll olunması məqsədilə səylərin artırılmasının önəmini vurğulayıb. Azərbaycanlı diplomat iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını, Azərbaycanın terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə ABŞ üçün önəmini qeyd edərək bu kontekstdə Cənubi Qaz Dəhlizinin növbəti prioritet layihə olduğunu qeyd edib. Eyni zamanda Azərbaycan diplomatı Texas ştatı Nümayəndələr Palatasının üzvü Cin Vuya (Gene Wu) Xocalı qətliamı ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanata görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Texas Xocalı qətliamını tanımış on beş ABŞ ştatlarından biridir.