Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələrinə dair geniş süjet yayımlanıb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.
Süjetdə telekanalın jurnalisti tərəfindən mövzu ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova ünvanlanmış suallara ətraflı cavablar da əksini tapıb.
Qeyd olunub ki, Ermənistan tərəfinin bitməyən təxribatları, törətdiyi terror əməlləri və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçınılmaz etdi. Erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən həyata keçirilmiş sonuncu terror aktı zamanı 2 nəfər mülki şəxs olmaqla, 7 polis əməkdaşı həyatını itirdi. Nəticədə Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Süjetdə Azərbaycanın 24 saatlıq antiterror tədbirlərinin sonunda qarşısına qoyduğu məqsədlərə tam şəkildə nail olduğu, tədbirlərin nəticəsi olaraq Xankəndidə məskunlamış separatçı rejimin təslim olduğu və onların hərbi arsenalının dağıdılaraq məhv edildiyi bildirilir. Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən, Ermənistanın Qarabağda məskunlaşan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır, həmçinin bütün silah-sursat və ağır texnika təhvil verilir.
Eyni zamanda, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında Yevlax şəhərində keçirilən görüşün əhəmiyyətinə diqqət çəkilir, uzun illər kriminal xunta rejiminin əsirinə çevrilmiş bölgənin erməni sakinlərinin artıq azadlıq əldə etdikləri, onların bütün hüquqlarının təmin ediləcəyi və Azərbaycan cəmiyyətinə sosial-iqtisadi reinteqrasiya planının hazır olduğu vurğulanır.