Sentyabrın 20-də BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirlərinin nəticələri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sözügedən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin buraxıldığı diqqətə çatdırılıb. Görülən antiterror tədbirləri çərçivəsində mülki şəxslərin hədəf alınmadığı, bu xüsusda onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.
Nazir Ceyhun Bayramov, beynəlxalq hüquq və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq suveren ərazilərimizdə mövcudluğunu davam etdirən qeyri-qanuni qüvvələrin buraxılmasının həm də Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin də cəmiyyətimizə reinteqrasiyası prosesinin qarşısında duran ən böyük çağırışın aradan qaldırılması olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın erməni sakinlərin hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq mexanizmlər əsasında təmin etmək əzmində olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.
Bu barədə C.Bayramov “X” hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.