Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Olimpiya Komitəsinin prezidenti xanım Daina Qudzinevicüte ilə görüşüb.
Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə qarşıdan gələn Bakı 2015 Avropa Oyunlarına dair fikir mübadiləsi aparılıb.H.Məmmədzadə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən Bakı 2015 Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük önəm verildiyini bildirib. O, xanım D.Qudzinevicütedən ilk Avropa Oyunlarına idmançılarla yanaşı, Litvanın yüksək rəsmilərinin də iştirak etməsində dəstək göstərməsini xahiş edib.
Litva Olimpiya Komitəsinin rəhbəri Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığının şahidi olduğunu vurğulayaraq, Azərbaycandan sonra növbəti Avropa Oyunlarına sahiblik edəcək ölkənin işinin heç də asan olmayacağını bildirib. Xanım D.Qudzinevicüte Bakı 2015 Avropa Oyunlarında litvalı idmançıların maksimum dərəcədə təmsil olunacağını qeyd edib.
Görüş zamanı Bakı 2015 Avropa Oyunları barədə Litva ictimaiyyətinin məlumatlandırılması məqsədilə yaxın günlərdə birgə mətbuat konfransının keçirməsinə dair razılıq əldə olunub.