Sentyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.
Nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və sair sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.