"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın sentyabrın 12-də keçirilmiş mətbuat konfransının sual-cavab sessiyasında səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlər qəbuledilməzdir".
Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə fransalı həmkarının fikirlərini şərh edərkən bildirilib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ var və bu addımlara müdaxilə qəbuledilməzdir: "Eyni zamanda bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz. Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir".
"Xatırlatmaq istərdik ki, əslində bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur. Fransa tərəfinin bölgədə guya "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, sözügedən fikirləri Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etməklə Azərbaycana qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışması, əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olması heç bir şübhə doğurmamalıdır", - sözçü qeyd edib.
A.Hacızadə xatırladıb ki, Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib: "Bu istiqamətdə iyulun 15-də Brüssel görüşündən sonra, eləcə də avqust ayının əvvəlində əldə edilmiş razılıqlara və bu prosesin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfinin və onun yaratdığı qondarma rejim bu razılıqları kobud şəkildə pozduğu Fransa tərəfinə yaxşı məlumdur. Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik".