2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusunun tam nəzarəti altında keçib.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyinə görə, şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Azərbaycan tərəfindən alternativ yolun istifadəyə verilməsindən sonra ordumuz 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülüb. Şəhərdə Azərbaycan bayrağı ucaldılıb.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı Qələbə sayəsində Ağdam və Kəlbəcərdən başqa Ermənistan Laçın rayonunu da tərk etməyə məcbur olub.
Laçın şəhəri gününün qeyd olunması ərəfəsində, avqustun 25-də keçmiş məcburi köçkün ailələrinin Laçın rayonunun Zabux kəndinə qayıtmasının birinci mərhələsinə başlanılıb. Bu mərhələdə artıq 20 ailə, yəni 88 nəfər yenidən tikilən evlərində məskunlaşıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu sayəsində keçmiş məcburi köçkünlər artıq öz doğma torpaqlarında yenidən yaşaya bilirlər.