"Böyük sülh sazişi kimi ciddi prosesin baş tutmaması və münaqişənin həll edilməməsi üçün Ermənistanın yalan və bəhanələrinin həddi yoxdur" . Xarici İşlәr Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibәsi.
- ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri və Böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın perspektivlərini necə şərh edərdiniz?- Xoş niyyətlə aparıldığı təqdirdə, danışıqlar uğurla nəticələnə bilər. Azərbaycan tərəfindən danışıqlar prosesində konstruktiv və açıq münasibət nümayiş olunduğu halda, təəssüflər olsun ki, Ermənistan tərəfindən belə bir xoş niyyət müşahidə olunmur və siyasi möhtəkirlik xətti yürüdülür. Həmsədrlərin regiona son səfəri zamanı Azərbaycan tərəfindən bütün səviyyələrdə ciddi danışıqlara hazırlıq bir daha ifadə olundu və bu fakt həmsədrlərin özləri tərəfindən də etiraf olunur.
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Böyük sülh sazişinin layihəsi üzərində tez bir zamanda işə başlamağa dair çağırışın edilməsinə baxmayaraq, Ermənistan tərəfindən bu çağırışa adekvat cavab verilməyib. Danışıqlar prosesində dalana dirəndiyini görən Ermənistan məqsədyönlü şəkildə təxribata və bəhanələrə üz tutub. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik, xüsusilə məhz prezidentlərin Paris görüşündən sonra işğal olunmuş ərazilərdə genişmiqyaslı təlimlərin keçirilməsi Ermənistanın təxribat planlarının ayrılmaz tərkib hissələridir ki, burada da məqsəd Böyük sülh sazişindən diqqəti yayındırmaqdır.
Siyasi baxımdan isə Ermənistan bəhanələrlə, yəni törəmə və simptomatik məsələləri gündəmə gətirməklə əsas hədəfdən - Böyük sülh sazişi üzərində işə başlamaqdan yayınmağa çalışır. Baxın, Azərbaycan Böyük sülh sazişi üzərində işləməyə hazırlığını ifadə etdiyi halda, Ermənistan prinsiplər məsələsini bəhanə gətirdi. Guya ki, prinsiplər razılaşdırılmalıdır, ondan sonra Sülh sazişi üzərində işə başlanılmalıdır. Görəsən Ermənistan indi hansı prinsiplərdən danışır? Bəs, bundan əvvəl Ermənistan bütün səviyyələrdə yenilənmiş Madrid prinsiplərini dəstəklədiyini bildirirdi?
Böyük sülh sazişi kimi ciddi prosesin baş tutmaması və münaqişənin həll edilməməsi üçün Ermənistanın yalan və bəhanələrinin həddi yoxdur. Təsadüfi deyil ki, 6 fevral 2015-ci il tarixində Münhendə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan xarici işlər naziri ilə görüşündən sonra həmsədrlərin bəyanatında Böyük sülh sazişi üzərində tez bir zamanda işə başlamaq üçün məhz Ermənistana ünvanlanmış israrlı çağırış var.
Bu bəhanələrdən məhrum olan Ermənistan indi tamamilə əsasız yeni bəhanəyə əl atmışdır. Ermənistan xarici işlər naziri dünən ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşdə qondarma rejimin danışıqlarda iştirakı kimi cəfəng fikirlə çıxış etmişdir. İndiyə qədər heç vaxt danışıqların hər hansı bir mərhələsində qondarma rejim iştirak etmәyib.
Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsi barəsində Azərbaycanın irəli sürdüyü təklifə də Ermənistan tərəfindən konstruktiv münasibət göstərilmir. Dialoq və etimad quruculuğunun vacibliyindən danışarkən həmsədrlər Azərbaycanın bu barədə ciddi təkliflərini unutmamalıdırlar. Ümumiyyətlə, ATƏT Minsk qrupunun bəyanatlarında işğalçı və təcavüzkarın kim olduğu və danışıqlar prosesinə kimin xələl gətirdiyi açıq şəkildə ifadə olunmalıdır. Siyasi möhtəkirlik taktikasından əl çəkməsi üçün Ermənistana münasibətdə məcburedici addımlar, o cümlədən sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.
- Atəşkəsin pozulması halları haqqında ATƏT Minsk qrupunun açıqlamalarını və Ermənistan tərəfinin bəhanələrini necə şərh edərdiniz?
- Bu kimi açıqlamalar immun defisitindən əziyyət çəkildiyi halda, başağrısı və ya soyuqdəymə simptomunun çarəsiz müalicəsi cəhdlərinə bənzəyir. Tibbi kənara qoyaraq, fəlsəfə baxımdan yanaşsaq, səbəb-nəticə kimi əlaqə olmalıdır. Atəşkəsin pozulması səbəb deyil, atəşkəsin pozulması əsl səbəb olan işğal və təcavüzün, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun törəmə nəticələrindən biridir. İşğal və təcavüz olmasa, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılsa, atəşkəsin pozulması da olmayacaq.
Beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması münaqişənin kompleks həllini nəzərdə tutan yanaşmadır. Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması eləcə də ən ciddi etimad quruculuğu tədbiridir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistandan bunu tələb etməlidirlər.