İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə ötən gün hökm oxunub.
Bunu Oxu.Az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib.
O qeyd edib ki, oğlunun son məhkəməsi olmadan hökm çıxarılıb:
“Oğluma son söz verilmədən iki il hökm verilib. Artıq Fəridə məktub şəklində qərar çatdırılıb. Nə oğlum, nə də mən bu qərarla barışırıq. Heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmirik”.
Qeyd edək ki, F.Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.