"Ermənistanın Kəlbəcərə kəşfiyyat-diversiya qrupu göndərməsinin BMT Təhlükəsizlik Şurasının iclasına hesablandığı aydındır".
Qaziler.az xəbər verir ki, bu açıqlamanı politoloq Asif Nərimanlı verib. O, bildirib ki, İrəvan 4 aydır BMT TŞ-da Azərbaycana qarşı qərarın qəbul olunmasına hazırlaşır, lakin hüquqi və siyasi səbəblərə görə bunun çətin olduğunu da anlayırlar:
"Müzakirəyə çıxarılacaq Qarabağın Azərbaycan ərazisi kimi tanınması da onların işini çətinləşdirir. Bu kontekstdə Azərbaycanı “hücum edən”, “təcavüzkar” tərəf kimi göstərmək üçün onlara sərhəddə toqquşma lazımdır, istisna deyil ki, diversiya qrupunun hədəfi də hərbi toqquşmaya zəmin yaratmaq olub. Hərçənd, Aşotun oğlu Qaqik Voskanyanın tutulması BMT TŞ-də Bakının əlini gücləndirən arqumentlərdən olacaq. Ermənistan “ova gedərkən, ovlanmaq” vəziyyətinə düşdü.
Bu planın birinci hissəsidir, ikinci hissəsinin Qarabağda olacağı istisna deyil".