Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB backend

15 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması naminə əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib.

Nazir Sergey Lavrov, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19:28

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov Qarabağ ətrafında vəziyyətin tez bir zamanda deeskalasiyasına yönəlmiş əvvəlcədən razılaşdırılmış addımların praktiki icrasını müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı ən aktual beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparılıb. Qarabağ ətrafında vəziyyətin mümkün qədər tez deeskalasiyası, o cümlədən daha əvvəl prinsipcə razılaşdırılmış addımların praktiki həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanıb”, - Rusiya XİN-in bəyanatında deyilir.

Qurum əlavə edib ki, “Bakı ilə İrəvan arasında münasibətlərin davamlı şəkildə normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə alternativ yoxdur”.

“Nazirlər bu sahədə konkret işin siyasi təbliğatla əvəzlənməsi cəhdlərinin əks-məhsuldarlığı barədə ümumi rəy bildiriblər”, - məlumatda qeyd edilib. (oxu.az)

Mənbə: TASS

Diaspora