Beynəlxalq təşkilatlar minaların təmizlənməsində Azərbaycana dəstəyini göstərməlidir – QHT sədri

Beynəlxalq təşkilatlar minaların təmizlənməsində Azərbaycana dəstəyini göstərməlidir – QHT sədri backend

Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirib. Eyni zamanda, qeyri-qanuni silahlı qüvvələr hələ də Qarabağ bölgəsində qalaraq təxribatlar törədir, ərazilərə minalar yerləşdirirlər. Nəticədə 2020-ci ildə 44 günlük müharibədən sonra 300-dən çox azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 55 nəfəri həlak olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində əlillik statusu alıb. Xəsarət alanların 9 nəfəri uşaq və gənc, 2 nəfəri isə qadındır. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfərə yaxınlaşır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.

O bildirib ki, bütün bunlara rəğmən, beynəlxalq təşkilatlar, bir çox xarici dövlətlər Ermənistanın və onların Qarabağda Rusiya sülhməramlılarının təsir zonasında olan havadarlarının törətdiyi cinayətlərə göz yumur, onlara haqq qazandırmaq istəyirlər.

“Dünyanın ən böyük beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı, Avropa Şurası özlərinin qəbul etdikləri beynəlxalq sənədlərə hörmətlə yanaşmalı, onların təmin edilməsində israrlı olmalı, həmçinin minaların və partlamamış döyüş sursatlarının təmizlənməsində müxtəlif bölmələr vasitəsilə Azərbaycana dəstəyini göstərməlidir. Bu, eyni zamanda, 30 ilə yaxın yurd həsrəti ilə yaşayan insanların böyük qayıdışına dəstək verməklə, insanların ölümü, sağlamlıqlarının itirilməsi hallarının və əlilliyin azalmasına səbəb ola bilər”, - deyə Davud Rəhimli qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar respublikanın vətəndaş cəmiyyəti təşkilatlarını da bu proseslərə cəlb etməklə bölgədə sülhün bərqərar olunmasına, haqqı pozulmuş minlərlə insanın hüquqlarının bərpa edilməsinə öz töhfəsini verə bilərlər.

 

 

Diaspora