Prezident İlham Əliyevin dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində Azərbaycanın diplomatik cəbhədə və informasiya müharibəsində düşmən üzərində böyük üstünlük qazanması daim önə çəkilir. Ölkə Prezidenti müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlamalar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində ermənilərin havadarlarına tutarlı mesajlar göndərir. Dövlətimizin başçısının müsahibələri, eyni zamanda, Azərbaycan həqiqətlərinin, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir.
Bunu AZƏRTAC-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib.
O qeyd edib ki, “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm siyasi proseslərlə bağlı mövqeyini bir daha bəyan etdi, Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyəti, regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslərlə bağlı sualları cavablandırdı.
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran Prezident İlham Əliyev qeyd etdiyi kimi: Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq.
Azərbaycanın tarixinə uğurla həkk olunan 44 günlük Vətən müharibəsinin bitməsindən ötən dövr ərzində ölkəmiz Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərdiyi halda, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir, rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəmir. Prezident İlham Əliyevin müsahibəsində qalib Azərbaycanın hərb meydanında da, informasiya məkanında da qazandığı qələbələri dünya ictimaiyyətinin bir daha diqqətinə çatdıraraq, Azərbaycanın haqq yolunun əbədi olduğunu qeyd edib.
Müsahibədə real prosesləri, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış vəziyyəti diqqətə çatdıran ölkə Prezidenti bildirib ki, Qarabağda yaşayan erməni əhali manipulyasiyanın girovu olmağa son qoymalıdır. Çünki beynəlxalq hüquq separatizmi dəstəkləmir. Bu səbəbdən, Qarabağ erməniləri öz seçimlərini etməlidirlər. Ermənistanın sülh prosesini uzatması region üçün yaxşı heç nə vəd etmir. Ona görə də rəsmi İrəvan sülhə gəlməyin nə qədər zəruri olduğunu anlamalıdır.
Daim regionda sülh və əməkdaşlığın təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edən ölkəmiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdıran Bayram Aslanov əlavə edib: “Otuz ilə yaxın işğal dövründə Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatların tribunasından bəyan etdi ki, ikili standartlara əsaslanan siyasətə son qoyulsun, həqiqətlərə ədalət prinsipi əsasında yanaşılsın. Nəhayət, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində dünya güclərinin 30 ilə yaxın dövrdə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi, 30 illik işğala son qoydu.
Bu gün qalib Azərbaycan regionda sülhün təmin olunmasının tərəfdarıdır. Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanının dediyi kimi, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik”.