Ermənistan ərəb dünyasında çox vurnuxur: Pul iyi gələn yerlərdə erməni burnu...

Ermənistan ərəb dünyasında çox vurnuxur: Pul iyi gələn yerlərdə erməni burnu... backend

Azərbaycan prezidentinin körfəz ərəb ölkələri ilə bağlı siyasətdə yeni istiqamət açmaq niyyətinin əlamətləri görünməkdədir. Buna müəyyən mənada xarici siyasətimizdə yeni layihə də demək olar. Ərəb dünyası ilə əlaqələrimiz indiyə qədər də zatən pis deyildi. İqtisadi, ticarət, investisiya, turizm sahələrində nəzərəçarpan məzmunda yol keçmişik. Qarşıda hələ yenə yol var. Ərəb dövlətlərinin bəziləri məhz Azərbaycanın xatirinə və həqiqi islami dəyərlərə bağlılıq çərçivəsində Ermənistanla münasibətlər qurmurlar. Təbii ki, ermənilərə və Ermənistana qucaq açanlar da var...

İlin əvvəllərində prezident İlham Əliyevin Əlcəzairdə Ərəb ölkələri liqasının zirvəsinə xüsusi qonaq kimi dəvət olunması, prezidentin zirvədə Fransa müstəmləkəçiliyinin murdar sifət cizgiləri ilə bağlı bir çox ərəb ölkələrinin ürəyindən "tikan çıxardan" bəyanatlar verməsi ölkəmizin ərəb dünyasında manevr imkanlarının gücündən və daha da güclənmə perspektivindən xəbər verdi.

Azərbaycanın işğaldan azad olunan rayonlarının bərpasına, eləcə də bərpa olunan enerji mənbələrinə ərəb kapitalının cəlb olunması da yaxşı faktlardır və daha faydalı gələcəkdən xəbər verir. Ancaq ermənilər də sakit dayanmır. Onlar bir tərəfdən, hətta İsrailə yaxınlaşmaq istəyir, yollar axtarır, digər tərəfdən də ərəb ölkələrinin yan-yörələrində yalmanırlar. Keçmiş prezident Serj Sarkisyanın addımlarını indikilər də davam etdirməyə çalışırlar. Məsələn, bir yandan Yerevanda Hitlerin keçmiş əlaltıları olmuş Njdelərə - Drolara heykəl qoyaraq faşistlərin qətl etdikləri 6 milyon yəhudunin ruhuna sayğısızlıq edirlər, o biri yandan isə yüz cür oyunbazlıqla İsraildə Xolokost konfransında Ermənistan prezidentinin məruzə etməsinə nail olurlar. İsrailin bunu necə rəva görüb-görməməsini özləri bilər. Biz heç bir halda düzgün saymırıq. Ancaq prezident Serj Sarkisyana İsraildə bu imkan tanınmışdı. Bundan başqa, Sarkisyan prezident olanda bəzi körfəz ərəb ölkələrinin ətrafında çox vurnuxurdu, səfər də elədi. Məlumdur, pul iyi gələn yerlərdə erməni burnu tülkünün burnundan da həssas işləyir... İndi də Paşinyan ərəb dünyasına yönəlik siyasəti daim gücləndirməyə çalışır, bəzi ölkələrdəki hərbi sərgilərə böyük maraq göstərir. Ermənistanın ərəb dünyası ilə bağlı uzağa hesablanmış planları hələ də var, bu planlara Suriya və İordaniyada müəyyən dairələrin dəstəyini də qazana bilir. Üstəlik, Birləşmiş Ərəb Əmirliklərinə, İranın fəal dəstəyi ilə Bəhreyn və Yəmənə də lağımlar atırlar. Bunlar özbaşına buraxılsa, əks- addımlar atılmasa, ziyanımıza olan yeni reallıqlarla rastlaşa bilərik.

Ancaq Azərbaycan da hərəkətsiz qalmır, erməni strategiyasını diqqətlə izləyir, ərəb ölkələri ilə əməkdaşlığın daha geniş miqyaslarına çıxmaq yolları axtarmaqla bərabər, Ermənistanın çabalarını neytrallaşdırmaq üsullarını da arayır.

Bu günlərdə Hikmət Hacıyevin ərəb mediasına müsahibəsində diqqətimi daha çox cəlb etmiş bu fikrini əslində Prezidentimizin ərəb dünyasına yönəlik yeni geosiyasi layihələrinin anonsu kimi qəbul etdim. Hikmət Hacıyev körfəz ərəb ölkələri ilə qlobal və regional təhlükəsizlik məsələlərində Təhlükəsizlik dialoquna başlamağın zəruriliyini qeyd edib. Maraqlı məsələdir...

Bu dialoqun Prezidentin ərəb dünyasına yönəlik geniş strategiyasının davamı və tərkib hissəsi kimi düşünüldüyünə heç bir şübhə yoxdur. İlham Əliyevin ərəb körfəz ölkələri ilə Təhlükəsizlik dialoqu bu ölkələrlə əməkdaşlığı keyfiyyətcə yeni üfüqlərə daşımaqla bərabər, eyni zamanda , Ermənistanın ərəb dünyasındakı manevrlərini məhdudlaşdırmağı da hədəfləyir. Həqiqətən də körfəz ölkələrini Azərbaycanla uzun müddətli hərtərəfli Təhlükəsizlik Dialoqunun içinə ala bilsək, Ermənistanın Əmirliklərdə, digər ölkələrdə silah - sursat dalınca sülənməsinin perspektivi getdikcə sönəcək. Onun bu istiqamətdə pul- para qazanmaq imkanlarının da sıradan çıxacağına söz yoxdur. Zatən məqsədlərimizdən biri elə bu deyilmi?!

Körfəz ərəb ölkələri ilə Azərbaycanın Təhlükəsizlik Dialoqu mərhələsi açılır!

Jurnalist-politoloq Aydın Quliyev

QAZİLER.AZ

Diaspora