Strateji hədəflərə çatan dövlət başçısı – Millət vəkilinin yazısı

Strateji hədəflərə çatan dövlət başçısı –  Millət vəkilinin yazısı backend

Dünyanın siyasi mərkəzlərinin diqqətində olan, Azərbaycan xalqının iftixarı, fenomenal şəxsiyyət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsindən 20 il keçir. Bu əlamətdar tarix Prezident İlham Əliyevin keçdiyi həyat yolunun araşdırılmasını şərtləndirir. Azərbaycanın son iki yüzillik tarixində milli iftixarımızı təmin edərək Azərbaycana yalnız qələbələr yaşadan və xalqın ürəyində özünə taxt qurmuş sevimli Prezidentimizin həyatının bütün epizodları, mənəvi-siyasi çalarları maraq doğurur.

Siyasətdə və dövlətçilikdə məsuliyyət anlayışı

Dövləti idarə edən rəhbərin məsuliyyəti millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada siyasi məsuliyyətin ancaq yüksək ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə boyda incəliyi ilə tanış olmaq da mümkün deyil. Yəni siyasət bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığıtək qoruyan siyasi müdrikliyi, milli-mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olmuşdur.

İlham Əliyev məhz bu cür xarakterik xüsusiyyətlərə malik olan və dünya liderləri sırasında yer alan Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan boyda bir məmləkətin ağırlığını öz çiyinlərində daşıyan Heydər Əliyevin ailəsində böyüyüb.

İlham Əliyev bu məsuliyyəti dərindən dərk edirdi. O, çıxışlarından birində deyir: "Mən fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Mən erkən yaşlarımdan bu duyğu ilə yaşayıram və bu hiss mənim bütün ömrümdən keçib. Onun haqqında siyasətçi, şəxsiyyət, qeyri-adi qabiliyyətlərə, yüksək insani keyfiyyətlərə malik bir insan kimi çoxlu sayda kitablar, məqalələr, elmi araşdırmalar yazıblar. Amma məndən ötrü o, ilk növbədə istəkli atadır, övladlarımın babasıdır. Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir və eyni zamanda böyük məsuliyyətdir. Məsuliyyət ilk növbədə ona görədir ki, onun adına layiq olasan. Mən uşaq yaşlarımdan anlayırdım ki, nə isə bir ədalətsizliyə yol versəm və ya nəyi isə düz eləməsəm adamlar deyəcək: "Bunu Heydər Əliyevin oğlu törədib." Mənim yanlış hərəkətim mənim atama ünvanlanacaq. Amma mən buna heç zaman yol verə bilməzdim. Həmçinin mənim uğurlarım da Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, mən həyatda nəyə nail olmuşamsa, bu, atamın mənə verdiyi tərbiyənin nəticəsidir. Heydər Əliyev qalibdir. O, bütün zamanlarda qələbələr qazanıb və qazanır. Bunu hamı etiraf edir. Ancaq bəziləri heyrətə gəlib soruşurlar ki, o, buna necə nail olur? Əlbəttə, bu suala tamamilə müfəssəl cavab vermək olar. Amma belə bir müxtəsər cavab yerinə düşər: "Xeyirxahlıq həmişə qalib gəlir". Heydər Əliyevin qələbəsi ədalətin və həqiqətin təntənəsidir. Həqiqət onun varlığında, təbiətində, naturasındadır... "Heydər Əliyev xalqın, millətin lideridir, Azərbaycanın simasıdır. Bu gün də Azərbaycanın bir lider kimi ona ehtiyacı var, sabah da olacaqdır!"

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!" 20 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səslənən bu fikirlərin Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl hərflərlə yazmış İlham Əliyev haqqında deyilməsi təsadüfi deyil.

Siyasi varislik şəxsi və dövlətçilik kontekstində

İlham Əliyev deyirdi: "Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi". Onun müsahibəsindən: "...Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: "Onu atası qabağa çəkir", yaxud "Heydər Əliyev Prezident olmasa, İlham bu nailiyyəti əldə edə bilməzdi". Belələrinə nə cavab verəsən? Bir neçə il əvvəl müsahibələrimin birində mən belə cavab vermişəm. Belə şayiələr danışırlar ki, Heydər Əliyev öz oğlunu prezidentliyə hazırlayır. Niyə də hazırlamasın? Hər ata istəyər ki, onun övladları əlçatmaz zirvələrə yüksəlsin. Bu, tamamilə normal arzudur. Prezident öz oğlunu elə tərbiyə etmişdir ki, o, həyatda şəxsiyyət ola bilsin və xalqın rifahı naminə onun işini davam etdirsin. Əgər İlham Əliyev belə bir pilləyə qalxıbsa, deməli, atasının əməyi boşa getməyib. Bu da yenə onun siyasətidir.

Budur, İlham Əliyevin siyasi yüksəlişini təmin edən əsas amillər. Milli-mənəvi dəyərlərə söykənən ailə ortamı. Dahi siyasi liderin mənəvi-siyasi varisi olmaq. Hər bir ölkə üçün hakimiyyət varisliyi çox aktualdır. Yaxşı məlumdur ki, sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhnidir. Bu, tarixboyu dəfələrlə təsdiqini tapıb. Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatçılıq keçirməsi təbii idi.

Bundan əlavə, o öz xələfini əvvəlcədən hazırlamağa başlamışdı. Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi. Ancaq o, əvvəlcə məni dinləyir, bəzən razılaşır, bəzən də etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi danışıqlarında iştirak edirdim. Adətən, susur, baş verənləri əxz edirdim.

İndi mən tam əminəm ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amilidir. Təbii ki, bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyu. Mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışacam".

Siyasi varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdrikliyindən doğan uğurlu fəaliyyətidir.

İlham Əliyevin hakimiyyət dönəmini səciyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırsaq, yanılmarıq.

İlham Əliyev fenomeninin sirlərinə və onun siyasi potensialının gücünə bələd olmayan opponentləri, həmçinin xaricdə siyasi iştahını Cənubi Qafqaza salan güc mərkəzləri onun hakimiyyəti saxlaya bilməyərək iflasa uğrayacağı fikrini cəmiyyətə aşılamaq istəyirdilər. Təbii ki, bu, onların gerçəkləşməyən arzuları idi.

İlham Əliyevin fəaliyyətinin ən məhsuldar dövrlərindən biri də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi dövrdür. O, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. O, suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.

"Əsrin müqaviləsi" adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirərkən ona bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektdən. Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı təlatümlər və təbəddülatlar dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad "Əsrin müqaviləsi"nin bağlanmasında həlledici amilə çevrildi. Balanslaşdırılmış xarici siyasət kursu müəyyən edildi. Eyni zamanda Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Bu müqavilələrin hər biri Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində qısa müddətdə "Çıraq-1" ilk hasilat platforması istismara verildi, "Bakı-Novorossiysk" neft boru kəməri bərpa edildi, "Bakı-Supsa" kəməri çəkilib başa çatdırıldı. "Dədə Qorqud", "İstiqlal", "Qurtuluş" kimi nəhəng üzən qazma qurğuları tikilərək istifadəyə verildi. Dənizin dərinsulu hissələrində texnoloji əməliyyatlar aparmağa imkan verən bir sıra nəhəng gəmilər modernləşdirildi.

20 sentyabr 2002-ci il Azərbaycanın neft nəqli sisteminin şah damarı sayılan "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəmərinin əsası qoyuldu, 2006-cı ildə isə kəmər istismara verildi və o vaxtdan indiyədək Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və davamlı ixrac olunmasında əvəzedilməz rol oynayır. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, "İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır".

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" Ümummilli Lider Heydər Əliyevin dediyi bu sözlər Azərbaycan dövlətçiliyinin iqtisadi siyasətinin bünövrəsini təşkil edən ən kristal dəyər oldu və qələbəmizin rəhninə çevrildi.

 

Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizlik konsepsiyası

Azərbaycan dövlətinin milli təhlükəsizlik siyasəti İlham Əliyevin prezidentliyi dönəmində daha da möhkəmlənmiş, qanunvericilik bazası təkmilləşmişdir. Ölkənin dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir. Milli Təhlükəsizlik Konsepsiyası özünün əsas vəzifəsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını müəyyən etmişdir. Sözügedən sənəddə deyilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.

Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri və Avropa dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına ziddir. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar Azərbaycan Respublikasının səyləri dövlətlərarası siyasi razılaşmanın əldə olunması ilə məhdudlaşmır və bu, razılaşmaya nail olduqdan sonra iki xalq arasında davamlı, qarşılıqlı sülhün və anlaşmanın bərqərar olmasına yönələcəkdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması milli maraqlarımızın mayasını təşkil edir. Bu cür strateji hədəfləri müəyyən edən konsepsiyanın siyasi lider tərəfindən qəbul edilməsi və gerçəkləşdirilməsi həyatda çox nadir rast gəlinən hadisələrdəndir. Bu, cənab İlham Əliyevin taleyinə yazılmış ən gözəl Tanrı hədiyyəsidir.

Siyasi gerçəkliklər və müharibəyə aparan yol

İlham Əliyev dünyanın siyasi gerçəklikləri haqqında açıq danışır. O deyir: "Prezident seçiləndə 41 yaşım vardı, onda beynəlxalq hüquqa inanırdım.

...Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu yoxdur, bu işləmir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir toplum bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur.

...İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl, bəlkə də, tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm".

Cənab İlham Əliyev dünyanın bu gerçəkliklərini gözəl dərk edir və buna uyğun addımlar atır. Ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və müdafiə sisteminin qurulması ilə bağlı qəbul edilmiş uzunmüddətli strateji sənəd olan milli təhlükəsizlik Konsepsiyasının və hərbi doktrinanın, eyni zamanda Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən ardıcıl işlərin nəticəsində ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun apardığı əməliyyatlar hərbi mərkəzlərdə öyrənilməyə başlamışdır. 30 illik işğala 44 gün ərzində son qoyan Ali Baş Komandan İlham Əliyev məhz bu müharibədə Müzəffər Ali Baş Komandan ünvanı qazandı. Bu ünvan ona Azərbaycan tarixinin son iki yüz ilində işğal edilmiş torpaqlarımızı düşməndən hərbi güc ilə geri alan yeganə sərkərdə olaraq verilmişdir.

İlham Əliyevin tarixi qələbəsinin təntənəsi olan Azadlıq meydanında keçirilən Zəfər paradı bu şanlı qələbənin ən gözəl təcəssümüdür. Azərbaycan xalqının qalib xalq, böyük xalq kimi yaşamağa haqqı olduğunu söyləyən İlham Əliyevin Bakının mərkəzində yaratdığı "Qənimətlər Parkı" zəfərmüjdəli Prezidentin qələbəsinin daha bir simvolu oldu.

Bu tarixi qələbədən sonra cənab İlham Əliyev ölkəmizin inkişafında yeni quruculuq dönəminin başladığını elan etdi. Prezident İlham Əliyevin Qarabağ ərazisinə əhalinin qısa müddətdə qayıtmasını təmin etmək üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nı qəbul etməsi bu sahədə atılmış ən böyük addımdır.

İlham Əliyevin diplomatik məharəti, Qafqazda sülhün təmin olunmasına töhfə

Gənc yaşlarından dünyanın ən aparıcı universitetlərindən olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya dərsi deyən cənab İlham Əliyev öz siyasi gedişləri ilə dünyanın aparıcı liderlərindən birinə çevrilmişdir. Məhz İlham Əliyevin uzaqgörən çevik diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksək səviyyəyə qalxmış, dünyada Azərbaycan faktoru ciddi şəkildə qəbul edilməyə başlanmışdır. Cənab Prezidentin ən uğurlu diplomatik səylərindən biri Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması idi. Bəzi diletant "siyasətçi"lər bunu Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdığının bir işarəsi kimi qiymətləndirməyə çalışırdılar. İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsas hədəf isə dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə üzv olmasına nail olmaq idi. Tərkibində 193 dövlətin olduğu, BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar yaradırdı. 24 oktyabr 2011-ci il BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Bununla da böyük diplomat İlham Əliyev öz məqsədinə nail oldu.

İlham Əliyevin türk dünyasının iqtisadi-siyasi və mənəvi birliyinin möhkəmlənməsindəki fəaliyyətinə verilən qiymət də onun bu sahədə apardığı işinin nəticəsidir. Böyük iftixar hissi ilə onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 12 noyabr 2021-ci il tarixdə Türkdilli Dövlətlər Təşkilatının İstanbulda keçirilən VIII Zirvə Göruşündə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir. Türk dünyasında əsas aparıcı iki liderə çevrilən Əliyev-Ərdoğan cütlüyünün birgə diplomatik səyləri bütün türk dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Şuşa Bəyannaməsi ilə Qars müqaviləsinə olan sadiqliyini nümayiş etdirməklə hər iki dövlət başçısı Qafqazda sülhün bərqərar olmasının təminatçısı oldu.

Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsində məhz sülhün təmin olunması ilə bağlı Qərblə-Rusiya arasında gedən rəqabət fonunda balanslı diplomatik gedişlər etmək çevik düşüncə tələb edir. İlham Əliyev bu günlərdə "Euronews" televiziyasına verdiyi müsahibəsində sülh sazişinin bağlanmasına dəstək olacaq hər bir dövlətlə əməkdaşlıq etmək arzusunda olduğunu bildirir. Həmçinin sülh sazişinin şərtlərini məhz Azərbaycan tərəfinin diktə etdiyini bildirməklə yalnız beynəlxaql hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə söykəndiyini vurğulayır. Prezident İlham Əliyev sülh anlaşmasının ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplərindən keçdiyini bütün dünyaya bəyan edir. Həmçinin cənab Prezident 10 noyabr Bəyanatında Ermənistan tərəfini götürdüyü öhdəliklərə əməl etməyə səsləyərək Naxçıvanla quru sərhədin birləşdirlməsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasında qətiyyətini nümayiş etdirir. Cənab İlham Əliyev erməniləri yeni geosiyasi gerçəklikləri başa düşməyə çağırır. O deyir: "Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm".

Qərbi Azərbaycandan zorla deportasiya edilmiş əhalinin geri qayıtması məsələsini artıq xarici siyasət kursumuzun vacib bir konponentinə çevirmiş cənab İlham Əliyev, özü də qeyd etdiyi kimi, müharibədə qalib gəlmək onun həyatının missiyası olduğu qədər Qafqazda sülhün və sabitliyin təmin olunması da məhz onun adı ilə bağlı olacaq!

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

azpolitika.info

Diaspora