Afrika liderləri Putini iqnor etdilər: Yarıdan çoxu Rusiyadakı sammitə gəlməyəcək

Afrika liderləri Putini iqnor etdilər: Yarıdan çoxu Rusiyadakı sammitə gəlməyəcək backend

Afrika liderlərinin böyük əksəriyyəti Kremlin yeni diplomatik irəliləyiş və Rusiyanın dünyada əhəmiyyətinin təsdiqi kimi təqdim etməyə çalışdığı Rusiya-Afrika sammitində iştirak etməmək qərarına gəlib.

Belə ki, sammitdə Afrika qitəsinin 54 ölkəsindən yalnız 17-ni dövlət başçıları təmsil edəcək.

10 ölkə baş nazirlərini, qalanları baş nazirin müavini, nazir və ya sadəcə səfirin rəhbərlik etdiyi nümayəndə heyətlərini göndərəcək. Beş Afrika ölkəsi isə, ümumiyyətlə, sammiti “iqnor” etmək qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyi dövlət başçılarını Rusiyaya göndərməyən ölkələrdən incimədiklərini bildirib.

“Biz bütün Afrika ölkələrinin başçılarına dəvət göndərdik. Bizim şikayət bildirməyə haqqımız yoxdur. Çünki birincisi, onların əvvəlcədən planlaşdırılan başqa tədbirləri də ola bilərdi ki, orada liderlərin iştirakı tələb edilə bilərdi. İkincisi, hər kəs əlindən gələni edir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Ozerov qeyd edib.

Rusiyalı jurnalistlərin məlumatına görə, Rusiya-Afrika sammiti iyulun 27-28-nə planlaşdırılıb və Rusiya Prezidenti Vladimir Putin ölkəyə gələn Afrika liderlərinin hər biri ilə şəxsən görüşmək niyyətində olduğunu bildirib.

Kremlin verdiyi məlumata görə, Rusiya prezidenti mənalı çıxış hazırlayacaq və bütün dövlətlərin “çoxqütblülük və bərabərlik” prinsipinə əsaslanan “yeni dünya nizamı” barədə müzakirələr aparacaq.

Mənbə: Focus.ua

Diaspora