Azərbaycanla İran arasında Astaraçay avtomobil körpüsünün tikintisi tezləşdiriləcək

Azərbaycanla İran arasında Astaraçay avtomobil körpüsünün tikintisi tezləşdiriləcək backend

Azərbaycanla İran arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisinin başa çatdırılması və yaxın 4 ay ərzində istismara verilməsi gözlənilir.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında baş tutan telefon danışığında razılığa gəlinib.

Qeyd olunub ki, uzunluğu 89 metr, eni 30 metr olan Astaraçay körpüsü iki ölkənin beynəlxalq tranzit magistrallarını (Bakı-Rəşt-Qəzvin avtomobil yolu) birləşdirir.

Tərəflər həmçinin Xudafərin Su Elektrik Stansiyasının tezliklə işə salınması üçün hazırlıq işlərinin sürətləndirilməsini vurğulayıblar.

Ş.Mustafayev xatırladıb ki, bu yaxınlarda Astara şəhərində Azərbaycan ilə İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası keçirilib: "Mütəmadi olaraq ölkələr arasında yüksək səviyyədə görüşlər keçirilir".

O, Mehrdad Bəzirpaşı Azərbaycana səfərə dəvət edib.

Xatırladaq ki, 2022-ci ilin yanvarın 25-də İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub.

Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

Diaspora