Azərbaycanın Zəfər savaşı ilə dünyaya göstərdiyi qüdrət və inkişaf təntənəsinin zirvə məqamı həm də Şuşadır. Qafqazın konservatoriyası kimi mənəviyyatımızın və mədəniyyətimizin paytaxtı olan Şuşa illərlə nisgil və həsrət ünvanına çevrilmişdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən azad edilən Şuşa bu gün tək regionun deyil, bütövlükdə Türk-İslam dünyasının mərkəzinə çevrilib. Bu baxımdan Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu da həm mədəniyyət paytaxtımızın, həm də ölkəmizin dünyada tanınmasında mühüm rol oynayacaq. Məlumat üçün bildirim ki, “Heydər Əliyev İli” və Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda yerli media rəhbərləri ilə yanaşı, 49 ölkədən 150 xarici qonaq, 34 ölkənin dövlət informasiya agentlikləri 12 beynəlxalq təşkilat və media qurumlarının nümayəndələri iştirak edirdilər. Bir zamanlar hər bir azərbaycanlı üçün əlçatmaz arzuya çevrilən, düşmənin bizə acıq verirmiş kimi yallı getdiyi Şuşa bu gün bütün dünya üçün beynəlxalq səviyyəli tədbirlərin, siyasi diskussiyaların, mədəniyyət və sülh ünvanına çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O bildirib ki, mötəbər tədbirlər meydanı Şuşada Qlobal Media Forumunun keçirilməsi təsadüfi deyildi. Son vaxtlar bəzi xarici himayədarlarına güvənən revanşist erməni qüvvələri bölgədə sülhü təhdid edən bəyanatlar səsləndirməkdən çəkinmirdi. Bu baxımdan tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də tarixi qələbəmizin rəmzidir. Bu gün Şuşada aparılan abadlıq quruculuq işləri onu göstərir ki, otuz il ərzində mənəvi və fiziki əzablarımızın ünvanı kimi tanınan Şuşa və bütövlükdə Qarabağ bölgənin inkişaf möcüzəsinə çevrilib. Bununla Azərbaycan hərb meydanındakı qələbəsini həm də iqtisadi qüdrəti ilə təsdiqləyərək işğaldan azad olunan bölgənin inkişafını dünyaya təqdim edir. Bu baxımdan Şuşada Prezident İlham Əliyevin verdiyi mesajlar xüsusi diqqət çəkirdi.
Prezident Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan edərək müharibədən sonra sülhə doğru düşmənin məcburiyyətdən bəzi addımlar atdığını, amma bu addımların yetərli olmadığını bildirdi.
Deputat söyləyib ki, Prezident Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasının da real əsaslarını açıq şəkildə ifadə etdi. Belə ki, əks halda Azərbaycan da qarşı tərəfin ərazi bütövlüyünü tanımayacağını və bunun Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxaracağı bəllidir. Çünki bu gün bölgədə bütün siyasi və iqtisadi reallıqları Azərbaycan diktə edir. Bu həqiqəti dərk edən düşmən Qarabağ Azərbaycandır həqiqətini açıq şəkildə bəyan edir. Amma bütün bunlar sülh üçün kifayət deyil və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək sülh sazişinin imzalanmasını reallaşdırmalıdır.
“Prezidentin çıxışında Şuşa Bəyannaməsinin xüsusi vurğulanması da məhz sülh sazişinə mane olan xarici qüvvələrə verilən mesaj idi. Bu gün Türkiyə Azərbaycan münasibətləri elə bir zirvə nöqtəsindədir ki, bu birliyin qarşısında heç bir qüvvə dura bilməz. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Türkiyə Azərbaycanın haqlı mövqeyini diplomatik cəbhədə tam şəkildə müdafiə edir. Azərbaycan hərbi və iqtisadi qüdrətinə rəğmən məğlub Ermənistanla sülh sazişini danışıqlar yolu ilə əldə etmək niyyətini açıq şəkildə ortaya qoyub. Şuşa forumunda Prezidentin səsləndirdiyi fikirlər bölgədə sülh üçün ən mühüm bəyanat kimi yadda qaldı. Beləliklə, Şuşa zirvəsində növbəti dəfə Prezident İlham Əliyev Azərbaycan reallıqlarını, ölkəmizin dürüst siyasi kursunu, humanizm prinsiplərini dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının söylədiyi kimi Azərbaycan hədəflərinə doğru gedir. Ölkəmiz postmüharibə dövründə ardıcıl şəkildə hədəflərinə nail olub və bu proses uğurla davam edir. Reallıq onu göstərir ki, bizi heç kim saxlaya, yolundan döndərə bilməz. Çünki biz haqlı və güclüyük. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyev bu gün ölkəmizin gələcəyini qurur, daha qüdrətli Azərbaycan naminə əzmlə xarakter nümayiş etdirir. Müasir dünya tarixində xalqını İlham Əliyev qədər sevən ikinci lider tapmaq çətindir və ölkə başçısının fəaliyyətində bu açıq şəkildə görünür”,- deyə Rəşad Mahmudov qeyd edib.