Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ankaradakı ofisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı “Endless Corridor” (Sonsuz dəhliz) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə) kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılış hissəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çəlikin Xocalı soyqırımına həsr etdiyi mesaj iştirakçılara oxunub. Mesajda Türkiyənin dost və qardaş Azərbaycanın acılarına şərik olduğu vurğulanıb. Ardından Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Lionel Zetter, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov və Xocalı sakini, soyqırımın şahidi Valeh Hüseynov çıxış ediblər. Çıxışlar zamanı "Xocalıya ədalət" kampaniyasının əhəmiyyətindən bəhs olunub, sözügedən kitab və sənədli filmin beynəlxalq, xüsusilə də Türkiyə ictimaiyyətinin Xocalıda törədilən soyqırım həqiqətləri ilə daha ətraflı məlumatlandırılması istiqamətində əvəzsiz bir funksiyası olduğu vurğulanıb.Çıxışların ardından "Sonsuz dəhliz" adlı sənədli film nümayiş etdirilib və tədbir başa çatıb.
Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə XİN-in yüksəkvəzifəli rəsmiləri, çox sayda elm adamları, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir Türkiyənin TRT Avaz, TRT Haber və "İhlas" Xəbər Agentliyi (İHA) tərəfindən işıqlandırılıb.