Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. O, sazişin uzadılmasına ümid etdiyini söyləyib.
Ərdoğan əlavə edib ki, Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitəcəyini arzu edir.
Ukraynanın NATO üzvlüyünə layiq olduğunu söyləyən Türkiyə Prezidenti deyib: “Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”. Onun sözlərinə görə, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir.
O əlavə edib ki, bu yaxınlarda Rusiya Prezidentinin də Türkiyəyə səfəri gözlənilir. Qeyd edib ki, Putinlə əsirlərin mübadiləsi və “Taxıl sazişi”nin uzadılması məsələsini də müzakirə edəcək.
Vladimir Zelenski isə Türkiyənin Ukraynanın təklif etdiyi “sülh layihəsində” liderlik etməyə hazır olduğunu bildirib. O, Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsi ilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib.