Rus hərbçilərinin Laçındakı körpüdə ucaldılmış Azərbaycan bayrağının dirəklə bir yerdə qopardılaraq aşırdılması Kremlin ölkəmizə qarşı növbəti təxribatıdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 6 iyul açıqlamasında bunları demişdi: “Moskva Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”.
“Verdikləri reaksiya” bayraq dirəyimizin sökülməsi oldu. Zaxarovanın açıqlamasından bir gün sonra bayraq dirəyimizin aşırdılması görüntüsünün yayılması tapşırığının Kremldən gəldiyini ehtimal etmək olar. Rusiya bayraq dirəyimizi sökməklə dövlət simvolumuza hörmətsizlik etməklə yanaşı Azərbaycanın öz ərazisində qayda-qanun yaratmaq hüququna qarşı da çıxmış oldu.
Rusiya Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpa etməsinə mane olmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bu təxribata bəyanatla cavab verməli, Rusiyanın ölkəmizdəki səfiri XİN-ə çağrılaraq ona etiraz bildirilməlidir.
Politoloq Elxan Şahinoğlu
QAZİLER.AZ