Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyulun 27-də Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır.
Bu barədə Britaniyanın "İndependent" qəzetinin Türkiyə nəşri məlumat yayıb.
Məlumata görə, Misir lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və regional məsələləri müzakirə edəcək.
Sisinin Türkiyəyə səfəri Ankara və Qahirənin iyulun 4-də elan etdiyi diplomatik münasibətlərin tam bərpası fonunda baş tutacaq.
Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb. 2021-ci ilin martında Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə diplomatik səviyyədə təmasların bərpa olunacağını açıqlamışdı. 2022-ci ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində Misir və Türkiyə prezidentləri arasında qısa görüş baş tutub. Fevralın sonunda Misirin xarici işlər naziri Sameh Şükri Türkiyənin cənubunda zəlzələdən zərər çəkmiş Adana şəhərinə səfər edib. Türkiyə və Misir prezidentlərinin görüşünün mümkünlüyü Ərdoğanın may ayında keçirilən prezident seçkilərindəki qələbəsindən sonra yayılıb.
Report.az