Murad Allahverdiyev: “Ən əsası ermənini məğlub edərək medalı təmin etdim”

Murad Allahverdiyev: “Ən əsası ermənini məğlub edərək medalı təmin etdim” backend

“Şükürlər olsun ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandıq. Ən əsası isə erməni rəqibimi məğlub edərək həm medalı təmin etdim, həm də lisenziya qazandım”.

Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın boksçusu Murad Allahverdiyev III Avropa Oyunlarının 1/4 final mərhələsində ermənistanlı Hambardzum Hakobyana qalib gəldiyi döyüşdən sonra deyib.

Rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn idmançı özü üçün ən azı bürünc medalı təmin edib. Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və hədəfi çempionluqdur: “Ən əsası bürünc medalım var. Ancaq bununla kifayətlənmək istəmirəm. Çempion olacağıma inanıram. Əsas hədəfim Paris-2024-ün qızıl medalını qazanmaqdır. Arenada məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Azarkeşlərin dəstəyi mənə güc verdi. Dəstək motivasiya oldu. Sonda qalib gəlib, azarkeşləri sevindirdim”.

Allahverdiyevin sözlərinə görə, yarımfinalda qarşılaşacağı Qabriyel Veoçiçlə (Xorvatiya) ilk dəfə üz-üzə gələcək: “Hər bir idmançı da həyəcan olur. Rəqibim də erməni olduğu üçün həyəcan çox idi və anlayırdım ki, mən məğlub olmamalıyam. Qorxu yox, uduzmamaq həyəcanı var idi. Qarşıda hələ iki döyüşüm var. Ümid edirəm ki, uğurla çıxış edib, onları məğlub edərək qızıl medala sahib olacağam. Rəqiblərim barədə məlumatlıyam. Yarımfinalda üz-üzə gələcəyim xorvatiyalı idmançı əvvəllər 86 kiloqram çəki dərəcəsində çıxış edib. İlk dəfə üz-üzə gələcəyik. Ümid edirəm ki, onu da məğlub edib finala adlayacağam”.

Qeyd edək ki, Murad yarımfinal döyüşünə iyunun 30-da çıxacaq.

 

 

Diaspora