Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
"Biz danışıqların sabah, çərşənbə axşamı başlayacağını və bu həftənin cümə axşamına kimi davam edəcəyini gözləyirik. Katib Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək və həftə ərzində daha ətraflı məlumat əldə edəcəyik. Biz əminik ki, birbaşa dialoq həll edilməmiş məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", - deyə o bildirib.
Xatırladaq ki, 26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Trend-ə bildirib ki, danışıqlar bir neçə gün davam edə bilər.
"Görüş sabah başlayacaq. Çox güman ki, danışıqlar bir neçə gün davam edəcək. Əsas mövzu sülh sazişidir", - deyə o bildirib.