" “Vaqner” muzdlu qruplaşması və qruplaşmanın rəhbəri Priqojin Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir".
Qaziler.az bildirir ki, bu fikirlər Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna məxsusdur. Siyasi şərhçi Rusiya ilə "Vaqner" Xüsusi Hərbi Şirkət arasında gecədən yaranan gərginliklə bağlı şərhində tarixi faktları qarşılaşdırıb:
"Kreml sahibi Vladimir Putin üçün yolun sonu görünməyə başladı. Putin çıxışında təsadüfən 1917-ci ili xatırlatmadı. Əvvəllər də yazmışdım ki, Putin ikinci Nikolayın yolu ilə gedir. İkinci Nikolay gərəksiz halda “serb qardaşlarımıza dəstək” bəhanəsiylə Rusiya imperiyasını Birinci Dünya müharibəsinə daxil etdi. Müharibədə Rusiya imperiyasının vəziyyəti ağırlaşdı, itkiləri artdı, iqtisadiyyat çökdü, bundan istifadə edən bolşeviklər hakimiyyəti ələ keçirdilər, ikinci Nikolayı da ailəsi ilə güllələdilər. 100 ilin hadisələri ilə bugünkü hadisələr arasındakı fərq sadəcə bundan ibarətdir ki, bolşeviklər ikinci Nikolayın düşməni idilər, “Vaqner” muzdlu qruplaşması və qruplaşmanın rəhbəri Priqojin isə Putinin məhsuludur, o özü bunları yaradıb və indi bunun ağrısını çəkir.
Priqojin son aylarda müharibə haqqında real vəziyyəti söyləyənlərdən biri idi. Priqojin yaxın günlərdə həbs olunmasa və ya öldürülməsə Rusiya 100 il əvvəlki vətəndaş müharibəsinə sürüklənəcək. Müharibə və ordu haqqında doğruları söylədiyinə görə Rusiya cəmiyyətində və orduda Priqojinə rəğbət artmışdı. Putin köhnə dostunu dayandıra bilməsə, vəziyyət Kreml sahibi üçün qəlizləşəcək.
Mövcud durum Qərbin, Ukraynanın və nə gizlədək Azərbaycanın da maraqlarına cavab verir. Rusiyanın başı özünə qarışmalıdır ki, əlini qonşu ölkələrdən çəksin. Rəhmətlik öndərimiz Məhəmməd Əmin Rəsulzadə demişkən, Rusiya zəiflməyənə qədər qonşu dövlətlərə rahat həyat olmayacaq. Putin Priqojini bir yolla neytralşdırsa belə Rusiyanın Ukraynadakı müharibəni əvvəlki güclə aparması çətinləşəcək. Rusiya cəmiyyətində həm Putinə inam azalacaq, həm də müharibədən yorğunluq özünü göstərəcək".
QAZİLER.AZ