Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsini araşdıran komissiyanın iclasındakı çıxışında müharibənin başlamasına və danışıqlardakı zəif mövqeyə görə Ermənistanın özündən əvvəlki bütün liderlərini tənqid edib, hətta keçmiş müəllimi Levon Ter-Petrosyanın bostanına da daş atıb.
Paşinyan keçmiş prezident Robert Köçəryanı onda ittiham edib ki, o danışıqlardan Qarabağ separatçılarının təmsilçilərini uzaqlaşdırmışdı, halbuki münaqişə başlayandan bu yana danışıqlar İrəvanla aparılırdı.
Paşinyan Köçəryandan sonrakı prezident Serj Sərkisyanı isə onda ittiham edib ki, o, 2016-cı ilə aprel savaşını şifahi razılaşma ilə bitirib və bu Azərbaycana ordusunu yeni müharibəyə hazırlaşmağa şərait yaradıb.
Nikol Paşinyanın özündən əvvəlki liderləri tənqid etməsində müəyyən məntiq var, işğalı həyata keçirənlər və danışıqları uzadanlar onlar olub.
Ancaq İkinci Qarabağ müharibəsini tezləşdirən Paşinyanın Şuşada içkili şəkildə yallı oynaması, “Qarabağ Ermənistandır” deməsi və o zamankı müdafiə nazirinin “Ermənistan yeni ərazilər uğrunda müharibə başlaya bilər” tipli açıqlamaları oldu.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
QAZİLER.AZ