İyun ayının 18-də saat 02:10-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı Beyləqan rayonunun Xələc kəndi yaxınlığında “Shevrolet” markalı, 77 PX 201 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.
Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 102 kiloqramdan artıq narkotik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1200 ədəd “metadon M-40” həbi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin 1977-ci il təvəllüdlü İsmayıllı rayon sakini Hüseynov Qorxmaz Yaqub oğlu və 1995-ci il təvəllüdlü Binəqədi rayon sakini Rzayev Vəli İmdat oğlu olmaları müəyyən edilib.
İyun ayının 18-də saat 11:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Sarxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində kolluq ərazidə 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.