Nazir: “ATƏT-in Azərbaycana 400 müşahidəçi göndərmək istəyi məntiqə sığmır”

Nazir: “ATƏT-in Azərbaycana 400 müşahidəçi göndərmək istəyi məntiqə sığmır” backend

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvlərini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov 1 noyabr parlament seçkilərinin demokratik, ədalətli və şəffaf mühitdə keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.

Nazir seçkilərin müşahidəsi məqsədilə bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini qeyd edərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının DTİHB-in mandatına zidd olduğunu diqqətə çatdırıb.

E. Məmmədyarov 100 milyondan artıq əhalisi olan ATƏT-ə üzv dövlətlərinə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsinin hər hansı normal məntiqə sığmadığını və tamamilə qeyri-mütənasib xarakter daşıdığını bildirib.

DTİHB-nin seçkilərin müşahidəsi ilə bağlı metodologiyasının hansı meyarlara və məntiqə əsaslandığının tamamilə anlaşılmaz olduğunu deyən nazir DTİHB-nin mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-ə üzv dövlətlərə texniki dəstək göstərmək olduğunu xatırladıb. O, ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına və münasib çıxış yolunun tapılacağına ümidvar olduğunu bildirib.

Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri isə səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və AŞPAtərəfindən seçkilərin müşahidəsi üçün lazımi hazırlıq tədbirləri gördüklərini bildiriblər.
Diaspora