“Konstitusiyanın dəyişdirilməsi mümkündür”.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, əsas qanuna dəyişikliklə bağlı müxalifətlə müzakirələri davam etdirirlər: “Müxalifətin fikirlərini öyrənirik. Dediyim kimi, işlərimiz davam edir. Layihələr təklif edildikdən və ortaq məxrəcə gəldikdən sonra bu, mümkündür”.
F.Oktayın sözlərinə görə, konstitusiya dəyişikliyinin 2023-cü ildə həyata keçirilməsi istisna deyil.
Vitse-prezident bildirib ki, bundan sonra nəinki konstitusiyanın dəyişdirilməsi, digər yeniliklər də mümkündür: “Bizi müxalifətdən fərqləndirən əsas amil budur. Biz gələcəyə baxırıq”.
F.Oktay qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası yerli idarəetmə orqanlarına 2024-cü ildə baş tutacaq seçkilərə hazırlaşır: “Prezident seçkilərinin həm birinci, həm də ikinci turundan nəticə çıxarmağa çalışacağıq”.
Qeyd edək ki, 1980-ci il sentyabrın 12-də Türkiyədə ordu dövlət çevrilişi edib. 1982-ci ildə ümumxalq səsverməsi ilə ölkənin yeni konstitusiyası qəbul olunub. Vətəndaşların 91,37 faizi yeni konstitusiyanın lehinə səs verib.