ABŞ-ın Çikaqo şəhərinin meri Brandon Johnson 28 may tarixinin şəhərdə Azərbaycanın Müstəqillik (Respublika) Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda parlamentli demokratik respublikanın yaradıldığı xatırladılıb.
"1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dünya azərbaycanlıları üçün böyük əhəmiyyət kəsb edir, onların zəngin mədəni irsini və milli kimliyini simvolizə edir", - merin imzaladığı sənəddə bildirilib.
ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) üzvlərinə ünvanlanan məktubda 15 aprel 2015-ci ildən fəaliyyət göstərən təşkilatın uğurlarından da bəhs olunur: "Çikaqo şəhəri həmişə fərqli mədəniyyətləri ilə öyünən dünyanın hər yerindən gələn müxtəlif insanların icmalarına ev sahibliyi edib. Çikaqo şəhəri həm də, incəsənət və musiqi, elm və mədəniyyət, biznes və maliyyə, hüquq və hökumət sahələrində güclənmiş qürurlu və canlı Azərbaycan icmasının da evidir. ACMA iki ölkə arasında qarşılıqlı əlaqələri təşviq etmək üçün çalışır. Ona görə də Çikaqoda yaşayan azərbaycanlı sakinlər çoxdan öz həmkarları arasındadırlar".
Mer şəhərdə yaşayan digər icmaların üzvlərini də Azərbaycanın Müstəqillik Gününü qeyd etməyə çağırıb.
Report.az