Petrosyanın çəkdiklərini indi Paşinyana yaşatmaq istəyirlər - ŞƏRH

Petrosyanın çəkdiklərini indi Paşinyana yaşatmaq istəyirlər - ŞƏRH backend

"Levon Ter-Petrosyan Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın timsalında Qarabağ klanının təzyiqi ilə istefa verdi". 

Qaziler.az bildirir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu feysbukda yazıb. O, hazırda Azərbaycanla sülhə imza atmağa çalışan Paşinyanın durumunu 90-cı illərdə eyni halı yaşayan Ter-Petrosyanla müqayisə edib:

"Qarabağ klanı 1998-ci ildə Levon Ter-Petrosyanı da bu yolla devirmişdi. SSRİ illərində erməni millətçilərinin təsis etdiyi “Qarabağ komitəsinin” fəal üzvü olan Levon Ter-Petrosyan sonrakı illərdə fikirlərində dəyişiklik etdi, prezident ikən Minsk Qrupunun Qarabağ münaqişəsinin həlliylə bağlı hazırladığı “mərhələli həll” planını qəbul etdi. Həmin plan birinci mərhələdə işğal altındakı torpaqların azad edilməsini ehtiva edirdi. Levon Ter-Petrosyan Ermənistanın o zamankı baş naziri Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın timsalında Qarabağ klanının təzyiqi ilə istefa verdi. 

Qarabağ klanı bu gün eyni ssenarini işə salmağa çalışır, yenə eyni simalar peyda olaraq Levon Ter-Petrosyanın ardıcılı olan baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar. Paşinyanın dünənki “Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırıq” bəyanatı Qarabağ klanını hərəkətə gətirib, Qarabağdakı separatçıların “parlamenti” də Ermənistanın baş nazirini hədəf seçib. İşin içində vaxtilə Levon Ter-Petrosyanın devrilməsini sürətləndirən Rusiyadakı mərkəzlər də var. Həmin mərkəzlər anlayırlar ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa Rusiya hərbi kontingenti iki ildən sonra həm Qarabağı tərk etməli olacaq, həm də Ermənistandakı hərbi bazalara ehtiyac azalacaq. Paşinyan şərtlərimizi qəbul etməyə hazırdırsa, Rusiyadakı mərkəzlər Qarabağ klanının əli ilə onu devirməyə macal tapmamış sülh sazişini imzalamaq faydalı olar".

QAZİLER.AZ
 

Diaspora