Ermənistan yenidən azğınlaşır. Proseslər bizə 2020-ci ilin iyul hadisələrini çox xatırladır. Təxminən 3 il əvvəl Ermənistan tərəfi Tovuz istiqamətində hücuma keçsə də onların təxribatlarının qarşısı Ordumuzun bölmələri tərəfindən uğurla alındı, düşmənə ağır zərbə vuruldu.
Ötən gün Ermənistan yenidən Ordumuzun mövqeləri istiqamətində təxribat törətdi. Hücum cəhdi nəticəsində Ordumuzun bir mənsubu ağır yaralanıb, digəri isə şəhid olub. Lakin cavab tədbirləri Ermənistan silahlıları arasında ciddi itkilərə səbəb oldu. Hətta ötən gün yayılan kadrlardan da aydın görünür ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Zod istiqamətindəki hərbi infrastrukturunu məhv edib.
Rəsmi İrəvan başına gələnlərdən nəticə çıxarmır ki, çıxarmır. 3 il əvvəlki vəziyyətlə indiki reallıqların eyni olmadığını qəbul etmək istəməyən Ermənistan hərbi-siyasi rəhbərliyi özü-özünə "papış" tikir. Bu təxribatdan saatlar öncə Nikol Paşinyanın Ermənistan silahlı qüvvələrinin generallarını bir araya toplayaraq təcili iclas keçirməsi bu insidentin əmrinin siyasi rəhbərlik tərəfindən verildiyini, rəsmi İrəvanın planlı şəkildə Azərbaycana hücuma keçdiyi iddialarını təsdiqləmiş olur.
Açıq-aydın görünür ki, Ermənistan 2 gün sonra planlaşdırılan Brüssel görüşü öncəsi vəziyyəti daha da gərginləşdirir. Bəs Ermənistanın məqsədi təkcə vəziyyəti gərgin saxlamaqdırmı?
1. Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə gerçəkləşəcək bu görüşə əli güclü getmək istəyirdi. Bu məqsədlə Ermənistan rəhbərliyi çalışdı ki, Azərbaycan Ordusunun son aylar nəzarətə götürdüyü yüksəklikləri geri alaraq, Bakını danışıqlar masasında zəiflətsin və istəklərini diktə etsin. Lakin Azərbaycan Ordusu Ermənistanın bu məkirli planını tamamilə fiaskoya uğratdı.
2. Ermənistana planının baş tutmayacağı təqdirdə də bu təxribatın hava-su kimi lazım olduğunu ehtimal etmək olar. Rəsmi İrəvan bununla həm havadarlarının tapşırığını yerinə yetirir, həm də vaxt qazanmaq məqsədilə bölgədə gərginliyi artıraraq sülh danışıqlarını qeyri-müəyyən müddətə qədər uzatmaq barədə düşünür.
3. Hər zaman vacib əhəmiyyətli məsələlərin müzakirəsi ərəfəsində Ermənistan tərəfi müxtəlif təxribatlara əl ataraq gözlənilən görüşlərdə vasitəçilərin diqqətini ikinci dərəcəli məsələlərə cəmləşdirir.
Ermənistan tərəfinin təxribatların miqyasını genişləndirmək cəhdlərindən, mövqelərimizi "D-30" topları ilə artilleriya zərbələrinə məruz qoymasından, İranın onlara bağışladığı "Shahed 136" PUA-ları ilə mövqelərimizə hücumlardan İrəvanın məqsədinin eskalasiya, hərbi toquşmalara kənar qüvvələrin müdaxiləsi məsələsini zərurətə çevirməklə insidentin coğrafiyasının genişləndirilməsi olduğunu anlamaq elə də çətin deyil.
Doğrusu, Ermənistanın görüş ərəfəsində təxribatlara əl atması Bakını elə də təəccübləndirmədi. Təcrübə də onu göstərir ki, Ermənistan region üçün belə taleyüklü təmaslara saatlar qalmış bütün prosesi sıfırlamaq məqsədi ilə həmişə bu cür "seçim" edə bilər.
Mayın 14-də Brüsseldə keçiriləcək üçtərəfli görüş ərəfəsində Ermənistanın təxribatlara əl atması, həmçinin, genişləndirmə cəhdləri eyni zamanda bir daha ondan xəbər verir ki, doğurdan da Vaşinqtonda danışıqlar masasında çox əhəmiyyətli məsələlər müzakirə edilib, proses son mərhələdədir.
Ancaq təəssüf ki, digər tərəfdən də aydın sezilir ki, rəsmi İrəvan sülh müqaviləsini imzalamaq niyyətində deyil. Paşinyan günlər öncə Kişinyovda planlaşdırılan Avropa Siyasi Birliyinin zirvə görüşü əsnasındakı görüşlərdə sülh sazişinin imzalanmasının mümkünlüyü barədə bəyanat səsləndirsə də, lakin dünən Ermənistan baş naziri ritorikasını 180 dərəcə dəyişərək, fərqli fikirlər söylədi, belə qısa zamanda sülhün mümkün olmayacağını bildirdi.
Belə görünür ki, onun fikirləri sadəcə havadarlarının xoşuna gəlməyə hesablanır. Ancaq baş verənlər son mərhələdə vəziyyətin daha da mürəkkəbləşə və yeni təxribatların törədilə biləcəyini göstərir. Bu da bölgənin növbəti dəfə hərbi toqquşmalara şahidlik edəcəyi məsələsini aktuallaşdırır.
Amma Ermənistan anlamalıdır ki, onsuz da vaxt onların əleyhinə işləyir. Əgər hadisələr bu minvalla inkişaf etsə, Ermənistanın yaxşı olmayan vəziyyəti daha da pisləşəcək. Nəticə etibarilə bu dövlətin sonunu biraz da yaxınlaşdıracaq. Bu gün Ermənistan özü də bilmədən özünü demoqrafik kollapsla üz-üzə qoymaqdadır. Faktiki olaraq öz-özünü blokadaya salmaqda davam edən və regiondakı layihələrdən təcrid vəziyyətində qalan Ermənistan məgər görmürmü ki, əhalisi sürətlə Qərbi Zəngəzuru tərk etməkdədir?!
Bu səbəbdən də ermənilərin vaxt udma cəhdləri onlara manipulyasiya imkanları qazandırsa da, Azərbaycana istər hərb, istərsə də diplomatik müstəvidə əlini gücləndirmək üçün əlverişli imkanlar açır.