Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 1-də Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş təklifini təsdiq edib. Nazirliyin açıqlamasında Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğu bildirilib.
Avropa Siyasi İcması nədir və bu çərçivədə görüş Azərbaycana nə vəd edir?
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropa İttifaqının yeni dialoq formatına ehtiyacı yarandı və bu dialoqa Avropa İttifaqına üzv olmayan ölkələr cəlb edildi. Bu Ukrayna mövzusunda Avropa İttifaqının daha böyük formata ehtiyacı ilə bağlı idi. Avropa Siyasi İcması ilk dəfə 2022-ci ilin oktyabrında Praqada 44 ölkənin iştirakı ilə toplandı və toplantıya Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan da dəvət olundular. Məhz Praqada Azərbaycan və Ermənistan liderlərinin, o cümlədən Avropa İttifaqının rəhbəri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakıyla dördlü görüş həyata keçirildi. Daha sonra Paşinyan və Makron Brüssel formatını Praqa formatıyla əvəz etməyə çalışdılar və bununla Avropa İttifaqının vasitçəliyinə maneə yaratdılar. Makron Praqa görüşündən sonra Azərbaycan əleyhinə növbəti açıqlamalar səsləndirməklə ölkəsinin vasitəçilik imkanlarına yenidən zərbə vurdu. Avropa Siyasi İcması Praqadan sonra Kişinyovda toplanır və Makron yenidən Brüssel formatına qoşulmaq istəyir. O bu dəfə görüşə Almaniya kansleri Olaf Şoltsla birgə qatılacaq. Azərbaycan prezidenti böyük ehtimalla bu görüşdə iştirak edəcək. Ancaq rəsmi Bakının mövqeyi dəyişməyib: Avropa Siyasi İcması çərçivəsindəki müzakirələr Şarl Mişelin timsalında Brüssel formatını əvəz etməməlidir.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu
QAZİLER.AZ