"Biz Ermənistanla sülh sazişi olmadan da yolumuza davam edə bilərik"

"Biz Ermənistanla sülh sazişi olmadan da yolumuza davam edə bilərik" backend

Rusiya Ukrayna bataqlığının içərisindədir və belə vəziyyətdə Laçın yolunda sərhəd-keçid məntəqəsinə görə strateji tərəfdaş adlandırdığı Azərbaycanla münasibətləri gərginləşdirməyəcək, üstəgəl Kremlin Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazılığı var.

Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu öz feysbuk hesabında yazıb. 

Politoloqun fikrincə, Kremlin eyni zamanda sanksiyalar şəraitində Şimal-Cənub nəqliyyat dəhlizinin işə düşməsi üçün Azərbaycanın dəstəyinə ehtiyacı var.

ABŞ-ın Azərbaycanla bağlı siyasətinə toxunan Elxan Şahinoğlu bildirib ki, ABŞ-ın bir qrup ermənipərəst konqresmeni Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı erməni separatçılarını tanımaqla bağlı Azərbaycanı hədələməyə çalışsalar da, rəsmi Vaşinqtonun da Kreml kimi Azərbaycana ehtiyacı var.

"Birincisi, Vaşinqton dünyəvi müsəlman ölkəsi olan Azərbaycanı İran rejimi qarşısında əsas sipərlərdən biri hesab edir. İkincisi, Rusiya qazından imtina edən Avropanın Azərbaycan qazına ehtiyacı var və bu, ABŞ-ın da təhlükəsizlik maraqlarına xidmət edir. Avropadan da Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı ünvanımıza yumşaq tənqidi açıqlamalar səslənsə də, Avropa İttifaqı ölkələri Azərbaycan qazını Ermənistana və erməni separatizminə dəstəyə qurban verməyəcəklər. Azərbaycandan qaz alan və alacaq Avropa ölkələrinin sayı durmadan artır, prezident İlham Əliyevin aprelin 25-də Bolqarıstana səfəri və Sofiyada imzalanan yeni sazişlər də buna dəlalət edir. İrana gəldikdə, Tehran Azərbaycana qarşı təxribatlar həyata keçirsə də, bizim Ermənistanla sərhədi nəzarət altına almamıza və Qarabağda qayda-qanun yaratmamımıza mane ola bilməyəcək", - deyə politoloq qeyd edib.

E.Şahinoğlu vurğulayıb ki, biz Ermənistanla sülh sazişi olmadan da yolumuza davam edə bilərik, önəmli olan Qarabağın tamamının nəzarət altına alınmasıdır:

"Göründüyü kimi, müstəqilliyimizi qazandığımız 1991-ci ildən bu yana ilk dəfə mövcud beynəlxalq və regional şərait hədəflərə çatmaqda Azərbaycana münbit şərait yaradır. Ermənistan və erməni lobbisi aciz durumdadır, maliyyələşdirdikləri və dəstəklədikləri mərkəzlər Azərbaycanı yolundan döndərə bilmir. Belə vəziyyətdə Azərbaycanla sülh sazişi imzalamaq Ermənistana lazımdır. Biz Ermənistanla sülh sazişi olmadan da yolumuza davam edə bilərik, önəmli olan Qarabağın tamamının nəzarət altına alınmasıdır".

QAZİLER.AZ

Diaspora