Tarixi gün: 350 milyon türkün taleyi həll olunur...

Tarixi gün: 350 milyon türkün taleyi həll olunur... backend

Türkiyədə keçiriləcək 14 may prezident və parlament seçkiləri qardaş ölkənin daxili işidir: Türkiyə xalqı kimi seçəcəksə, digər türk xalqları həmin lideri də doğma olaraq qəbul edəcək. Çünki kimliyindən asılı olmayaraq, Türkiyənin seçdiyi lider türk xalqının iradəsini əks etdirəcək və ya buna məcburdur.

Ancaq 14 may seçkiləri artıq bir seçkidən daha fərqli mahiyyət kəsb etməyə başlayıb və ona görə də Türkiyə seçiciləri indiyə qədər mövcud olmayan məsuliyyət daşıyırlar.

Türkiyə son 10 ildə sərhədləri daxilində yaşayan 85 milyonun maraqlarının ifadəçisi olmaqdan çıxıb; Türkiyə Liviyadan Orta Asiyaya qədər böyük bir arealda müsəlman və türk toplumlarının milli maraqlarının ifadəsinə çevrilib. Son 100 ildə:

– ilk dəfə olaraq Türkiyənin xarici ölkələrdə hərbi bazaları quruldu;

- ilk dəfə olaraq Türkiyə terrorla mübarizə çərçivəsində sınırlarından kənarda “əməliyyat zonaları” yaratdı;

- ilk dəfə olaraq Türkiyə coğrafi mövqeyindən öz milli maraqlarını genişləndirmək üçün istifadə etdi;

- ilk dəfə olaraq Türkiyə türk dövlətlərinin iqtisadi, ticari və hərbi yaxınlaşması istiqamətində misilsiz addımlar atdı;

- ilk dəfə olaraq Türkiyə hərbi sənayesi müstəqillik uğrunda böyük uğurlar qazandı;

- ilk dəfə olaraq Türkiyə NATO-nun tapşırıqlarını qeyd-şərtsiz icra edən ölkədən öz maraqlarını heç bir hərbi-siyasi bloka qurban verməyən ölkəyə çevrildi;

- ilk dəfə olaraq Türkiyə onun üçün biçilmiş sərhədlərdən kənara çıxaraq, yüzillərlə mövcud olduğu torpaqlardakı oyunları pozdu;

- ilk dəfə olaraq Türkiyə məcburən sığdırıldığı sərhədləri aşıb, su sərhədlərini böyütdü və təbii sərvətlər axtarışına başladı...

Türkiyədə son 10 ildə “ilk dəfə” sayıla biləcək çox önəmli hadisələr baş verib. Ancaq bu “ilk dəfələrin” başında gələn budur: ilk dəfə olaraq (son 80 ildə) Türkiyə lideri türk ölkələri başçılarının qeyd-şərtsiz ağsaqqal kimi, qardaş kimi qəbul etdiyi şəxsdir!

Bu baxımdan, məsələn, hansısa azərbaycanlının – bu kontekstdə bizim – Türkiyədəki seçkilərlə bağlı mövqeyimizi ifadə etməyimiz heç bir halda qardaş ölkənin daxili işlərinə qarışmaq anlamında qəbul edilə bilməz. Dedik axı, Türkiyədəki seçkilər 350 milyon türkün taleyinə birbaşa təsir edəcək!

Bu baxımdan təxminən 50 milyon civarında olan Türkiyə seçicisi 10 milyonluq Azərbaycan (+40 milyon Güney) da daxil olmaqla, 270 milyonluq türkün maraqlarını nəzərə almağa məhkumdur.

Demokratiyada problemmi var? – bəlkə də!

Sosial-iqtisadi baxımdan türk qardaşlarımızın yaşam tərzində müəyyən çətinliklərmi var? – mümkündür, bahalıq ciddi şəkildə görünür.

Ancaq mən anarxiya səviyyəsində demokratiyanın mövcud olduğu 90-ları görmüş şəxs kimi deyirəm: Azərbaycanda ABŞ-da olmayacaq səviyyədə demokratiya olanda torpaqlarımızın 20 faizi işğal olundu, əvəzində “demokratik dünya” demokratik Azərbaycanı deyil, işğalçı Ermənistanı dəstəklədi, hətta ABŞ 1992-ci ildə Azərbaycana “907-ci düzəlişi” tətbiq edib, “Azadlığa dəstək” aktından bizi məhrum etdi, ABŞ-ın Azərbaycana birbaşa yardımını dayandırdı!

Ölkənin milli maraqları prioritet olanda, demokratiya adı ilə ölkənin içinə soxulmuş şəbəkənin ağır zərbələrindən dövlətin necə sarsıldığını yaxşı bilirik.

Demokratiya məhdudlaşıbsa – istənilən vaxt, bircə seçki ilə hər şeyi nizamlamaq olar. Ancaq ölkənin milli maraqları naminə tarixi fürsəti qaçırmağın əvəzini yüzillərlə ödəyə, bu qaçırılan imkanı bərpa edə bilməzsən.

Türkiyənin qüdrətli bir dövlətə çevrilməsi, türk dünyasının sürətli inteqrasiyası kimi tarixi fürsət zamanı “qarın davası” apara bilmərik. Qüdrətli türk xalqı istiqlal savaşını çəkməsiz, ayaqyalın, lazımı silah olmadan niyə apardı? Həmin illərdə “qarnı ilə” düşünsə, nələr baş verərdi?

Türkiyə bir xalq olaraq Ərdoğanı lider kimi 2002-də ortaya çıxaranda onun imkanlarının indiki səviyyədə olduğunu qətiyyən iddia etmirəm. 2008-ci ilin “açılımını” da xatırlayırıq, “futbol diplomatiyasını” da, Əli Babacanın erməni xarici işlər naziri ilə səmimi görüşünü, Azərbaycan diplomatını saymamasını və erməni həmkarı ilə şirin-şirin söhbətlə Azərbaycan diplomatına istehza ilə baxmasını, onu aşağılamasını da...

Türkiyə xarici siyasətini Əli Babacan quyusundan xilas edib, Mövlud Çavuşoğlu simasında ən yüksək səviyyədə iradə və düşüncə ifadəsinə qaldırmaq üçün Ərdoğana şans və imkanları Türkiyə xalqı verdi!

Ərdoğan hər seçkidə Türkiyə xalqından mandat aldıqca gücləndi və bütün türk dünyasının maraqlarının qoruyucusuna çevrildi.

Bizim nəslin gördüyü ən möhtəşən türk liderlərindən biri də Süleyman Dəmirəldir. Azərbaycanın ən ağır günlərində, işğal edilən Kəlbəcərdən sivil insanların qırılmasının qarşısını almağa iki mülki helikopter göndərmək üçün NATO-dan izn ala bilməyən Süleyman Dəmirəlin çıxılmaz durumu gözümüzün qarşısındadır.

Ancaq 2020-ci ilin 44 günlük Vətən savaşında Türkiyə mülki helikopter nədir, 6 ədəd F-16-sını Gəncədəki aerodromda saxlamışdı – “ölkəmizə üçüncü qüvvələr hücum edərdisə, Türkiyə şahinlərini qarşılarında görəcəklər” mesajı ilə inanılmaz bir meydanoxuma sərgiləmişdi Ərdoğan.

Əlbəttə, bu müqayisəni ona görə vermirik ki, mərhum Süleyman Dəmirəl zəif, Ərdoğan güclü iradəyə malik liderlərdir. Dəmirəlin Azərbaycanın güclənməsi üçün necə çabalar göstərib, hansə fədakarlıqlar etdiyini unutmarıq, Allah ona rəhmət eləsin! Sadəcə, Dəmirəl 6 aydan bir dağılan koalisiya hökumətlərinin, siyasi böhranların yaşandığı Türkiyənin lideri idi, Ərdoğan isə 20 ildir hökuməti təkbaşına formalaşdıran, daxili stabillikdən əmin bir liderdir.

Bu əminliyi Ərdoğana Türkiyə xalqı verdi; bu cəsarəti də Ərdoğana Türkiyə bəxş edib!

Heç bir koalisyon hakimiyyət, “parlament demokratiyası”, hər addımda “min məsləhət yeri”, günlərlə, həftələrlə, bəzən aylarla “koalisiyanın”, digər əsas qüvvənin razılığını almaq üşün tarixi şansı və anında cəsarətli addım atmaq fürsətini qaçırmaq - prezidentlik institutu ilə müqayisə oluna bilməz. Ən kritik tarixi dönəmdə, Türkiyə və türk dünyası üçün taleyüklü məsələlərdə iradə göstərmək və çevik reaksiya naminə prezidentlik institutu misilsizdir.

Bunu Türkiyəyə gətirən Ərdoğan oldu və o bilir nə edir!

Türkiyəni kənardan izləməyə çalışıram, 4 milyon civarında qaçqının Türkiyəyə yerləşdirilməsi, onlara təhsildən tutmuş sosial həyata qədər, müstəsna yardımlar göstərilməsi Türkiyə xalqının ən ağırılı, ən çox narazı qaldığı məsələdir.

Ancaq kimsə demir ki, 4-5 milyonluq bir kütləni 10 il türk dili, türk mədəniyyəti, türk təhsili, türk əxlaqı ilə “yoğurub”, onların Osmanlı dönəmindəki hüzur içində yaşadıqları yaddaşını oyadıb, daha sonra sərhədlərinin yaxınlığına köçürmək qədər strateji, gələcəyə hesablanmış addımı təsəvvür etmək çətindir.

Əlbəttə ki, bunun iqtisadi, kriminal zərbələrini bu gün Türkiyə xalqı yaşaya bilər və yaşayır. Ancaq Böyük olmaq üçün Türkiyənin bütün imkanlarını bu gün istismar etməyin nə demək olduğunu illər sonra görəcəyik – o vaxt bəlkə də Ərdoğan heç həyatda olmayacaq...

Həmin Babacandır Ərdoğanın qarşısına dikilən – onun “strateji düşüncə tərzi” və qardaş “sevgisi” haqda yuxarıda xırdaca qeyd yazdım.

Zəruri olaraq əlavə edim: Azərbaycanın 44 günlük savaşında Azərbaycanı şərləyən qüvvələrin – Ermənistanın (təbii ki, düşməndir), Fransanın və s. təkrarladığı bir söz vardı: Azərbaycan tərəfdə 2 min terrorçu döyüşür.

Qismən səfərbərliklə 450 min, tam səfərbərliklə 800 minlik nizami Ordu çıxarmaq gücü olan, səfərbərliksiz, adi qaydada ortalama 200 min civarında peşəkar şəxsi heyətə və ən müasir hərbi texnikaya sahib Qüdrətli Azərbaycan Ordusunun, sən demə, 2 min “kalaşnikovlu” terrorçu qüvvəyə ehtiyacı varmış. Gülməli böhtandır.

Dərd ondadır ki, bu gülməli böhtanı Azərbaycana yaxanların başında qardaş Türkiyənin Azərbaycanda səfiri olmuş Əhməd Ünal Çeviköz də gəlirdi. Və kimsə məni inandıra bilməz ki, hazırda CHP-nin əsas simalarından olan Çeviköz ehtimali Kılıçdaroğlu hakimiyyətinin XİN başçısı və yaxud Azərbaycan diplomatına erməni ilə birgə gülən Babacanın müavini olmayacaq!

Təbii ki, Türkiyə “dərin dövləti” Əli Babacanı AKP-dən təmizlədiyi kimi, Kılıcdaroğlu sistemindən də təmizləyəcək – mümkün deyil o düşüncəni Türkiyədəki qardaşlarımız xarici siyasətdə saxlasın.

Ancaq onlar təmizlənənə qədər AKP nə qədər zaman itirmişdisə, mümkün yeni hakimiyyət də o qədər - ən azı – zaman itirəcək.

Türkiyə və türk dünyasının o qədər zamanı varmı? İndi dünya nizamının yenidən formalaşdırıldığı bir anda Türkiyə sərhədlərinə çəkilə bilərmi? Buna haqqı varmı? Bu tarixi fürsət bir də nə zaman ələ düşəcək?

Qos-qoca Dövlət Baxçalı az qala “dünənə qədər” tənqid etdiyi Ərdoğanın yanında niyə illərdir yer alır? Baxçalı kimi strateji düşüncə sahibi məgər hansı tarixi dönəmdə hansı addımı atmağın vacibliyini bilmirmi?

Mükəmməlcəsinə bilir, ona görə Ərdoğanın arxasındadır!

Türkiyə xalqı Ərdoğana elə bir mandat verdi ki, Ərdoğan misilsiz işlər başlatdı! İndi Ərdoğanın başlatdığı işləri yarımçıq qoymaq və Türkiyəni “uyuşdurucu vergisi” parasında “uyuşdurmaq”, yuxuya vermək üçün Ərdoğandan Türkiyə mandatını almaq istəyirlər.

Əslində Ərdoğandan deyil, Türkiyənin qlobal güc mandatına göz dikiblər!

Əlbəttə, Türkiyə xalqı qaradərili lider də ortaya qoysa, qardaşımızdır. Çünki məsələ şəxs deyil, Türkiyədir, qərarı Türkiyə verir!

Ancaq bir daha təkrarlayaq: Türkiyə xalqı 14 mayda seçkiyə gedəndə türk dünyasını, indiki dünya nizamını və Türkiyənin hansı mövqedə nələr etdiyini düşünməyə məhkumdur!

Ərdoğan əvəzedilməz deyil, heç əbədi də deyil – Türkiyə dünyaya cahangirlər verən möhtəşəm xalqdır, yenə yetişdirəcək və dünyaya təqdim edəcək!

Amma indi Ərdoğan başladığı işləri başa çatdırmalıdır: liderlərimiz Türk Şurasını Türk Dövlətləri Təşkilatına çeviriblər, imkan verək, Türk Birliyini də qursunlar.

Ərdoğan son onillərdə ilk dəfə olaraq - əlbəttə ki, tarixi fürsətdən faydalanaraq – 784 min kv.km-dan çoxdan çıxıb və Türkiyənin milyonlarla kv.km-lik mənəvi sərhədlərinə adlayıb.

Bu mənəvi sərhədləri iqtisadi-ticari və hərbi sərhədlərə çevirmək şansını qaçırmaq tarixə xəyanət olardı...

Axar.az / Anar.N

Diaspora