İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyib.
Qaziler.az bildirir ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.
Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.