Qeyri-Hökumət təşkilatları Beynəlxalq ictimaiyyətə SƏSLƏNDİ: “Təcili tədbirlər görməyə çağırırıq” - FOTO

Qeyri-Hökumət təşkilatları Beynəlxalq ictimaiyyətə SƏSLƏNDİ: “Təcili tədbirlər görməyə çağırırıq” -  FOTO backend

Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycanın Qeyri-Hökumət təşkilatları 2 əsgərimizin saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciətlə əlaqədar iclas keçirilib.

Ednews xəbər verir ki, iclası BAMF prezidenti Umud Mirzəyev açıb. O, qonaqları salamlayaraq bildirdi ki, ötən gün bir sıra QHT-lərlə Şamaxıda tədbirdə iştirak edirdik. Burada söhbət əsnasında, həmkarlarımla ideya yarandı ki, bu məsələ ilə bağlı səssiz qalmayaq.

"Əsir düşmüş əsgərlərimizlə bağlı hadisəyə sakit yanaşmayaq. İstənilən hadisənin baş verməsi mümkün olan haldı, amma əsir götürülmüş insanlara qarşı bu cür rəftar heç bir qaydalara, qanunlara sığmayan vəhşilik sərgilmək vəhşi düşmən olduğunu bir daha sübut etmək, əslinə qalanda ağıla sığmayan məsələdir. Ona görə də biz düşündük ki, bu məsələyə münasibət bildirək. İclasda əməkdaşlıq etdiyimiz xarici əməkdaşlar da iştirak edir. BAMF-ın əməkdaşları Con Ayomide, David Kerans, Henri Vans kimi insanlar da burdadır”. 

İclasın davamında “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli fikirlərini səsləndirdi. O, bildirdi ki, dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçmiş əsgərlərimizə verilmiş işgəncələrə dair yayılan görüntülər bir daha sübut etdi ki, Ermənistan nəinki beynəlxalq konvensiyaların tələblərinə riayət etmir, həmçinin cinayət törədir.

“Azərbaycan ictimaiyyətinin nümayəndələri bu məsələyə laqeyd qala bilməzlər. Beynəlxalq ictimaiyyətin məsələyə birtərəfli yanaşması və ədalətsiz mövqeyinə qarşı çıxmalıyıq. Beynəlxalq ictimaiyyətin bu məsələlərdə birtərəfli mövqeyi bəzi hallarda susqunluğumuzdan qaynaqlanır. Buna görə də bir çox hallarda haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv raketlərdən atəş açaraq müharibə cinayətləri törədib. Bu günlərdə də həmin prosesin davamı gedir. Buna qəti münasibət bildirməliyik”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli isə qeyd edib ki, Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil:

"Birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər Azərbaycan vətəndaşı əsir və girov götürülüb. Onlardan 98-i qadın, 29-uşaq, 112-si isə ahıl şəxslərdir. Bu şəxslərin aqibəti barədə qarşı tərəf bu vaxta qədər heç bir məlumat verməyib. Biz bu son məsələ barədə də beynəlxalq təşkilatlardan dərhal reaksiya gözləyirik. Hesab edirik ki, hələ reaksiya gecikib. Ermənistanın məsuliyyətinə cavabdehlik xüsusən vurğulanmalı, beynəlxalq təzyiq gücləndirilməlidir".

İclasın davamında digər QHT nümyəndələri bəyanatla tanış olub imza çəkiblər. Bəyanatda qeyd edilir:

"Azərbaycanın QHT icması Azərbaycan və Ermənistan arasında sülhün və sabitliyin bərqərar olması istiqamətində işlər görülməsini səbirsizliklə gözləyirdi. Azərbaycana qarşı illərlə davam edən təcavüzlərə baxmayaraq, biz barışığa sadiq qalmışıq və qalırıq. Lakin Ermənistanın davamlı təxribatları yekun sülh sazişinin imzalanmasını pozduğu üçün iki ölkə arasında sülh məsələsi hələ də həllini tapmır. Ermənilərin mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının hayatına son qoyur. Sərhəd ərazilərində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı kobud şəkildə pozan çoxsaylı təxribatlar da bu həssas sülhü təhlükə altında saxlayır.

Bu gün biz Azərbaycan və Ermənistan arasında uzaqlaşmanı daha da dərinləşdirə biləcək daha bir qorxulu məsələyə görə öz səsimizi qaldırırıq. Bu həftənin əvvəlində 2 Azərbaycan əsgəri pis hava şəraitində itkin düşüb və Ermənistan hakimiyyəti bu əsgərlərin onların nəzarətində olduğunu təsdiqləyib.

Lakin sonradan erməni mətbuatında bu əsgərlərin işgəncəyə məruz qalması ilə bağlı görüntülər ortaya çıxdı. Onların döyülməsinə və alçaldılmasına dair təkzibolunmaz sübutlar var. Ermənistan hakimiyyəti nəinki Cenevrə Konvensiyalarını açıq-aşkar pozur, hətta hazırda sosial şəbəkələrdə yayılan müvafiq kadrlarla və həmin əsgərlərlə tamamilə biabırçı şəkildə rəftarları ilə qürur duyurlar.

Biz müvafiq beynəlxalq təşkilatları və ədalət keşiyində duran qurumları insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamağa, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Həmçinin qeyd edək ki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda, onlar tez və zərərsiz şəkildə geri qaytarılıb.

Biz sizdən hər iki Azərbaycan vətəndaşının sağ-salamat Vətənə qayıtmalarına köməklik göstərməyinizi xahiş edirik".

Diaspora